Boris Conson Trampın Ukrayna ilə bağlı "sülh planı"nı tənqid etdi

DÜNYA
13:54 / 25.04.2025
61

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə son qoymaq ideyalarını tənqid edib.

HİT.az xəbər verir ki, bu barədə Conson X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Putin ukraynalı mülki şəxsləri, o cümlədən uşaqları heç bir fərq qoymadan qətlə yetirir. Və bunun müqabilində ona Ukraynanın güc yolu ilə və beynəlxalq hüququ pozaraq zəbt etdiyi suveren ərazisini saxlamaq, Ukraynanın taleyinə nəzarət etmək, onun NATO-ya üzv olmasını qadağan etmək, sanksiyaları ləğv etmək, ABŞ-la iqtisadi əməkdaşlıq etmək, bir neçə ildən sonra növbəti hücum üçün silahlı qüvvələrini yenidən qurmaq imkanı təklif olunur.

"Ukraynaya gəlincə, o, qəddar və əsassız işğala qarşı üç illik qəhrəmancasına müqavimətdən sonra nə əldə edəcək? Onların bütün dünyada azadlıq və demokratiya uğrunda verdikləri dəhşətli fədakarlıqların əvəzi nədir? Təbii ehtiyatlarını Birləşmiş Ştatlarla bölüşmək hüququndan başqa, onlar heç nə əldə etmirlər. Bu müqavilədə Rusiyanın üçüncü işğalını dayandıra biləcək nə var? Heç nə", deyə Conson qeyd edib.

O, müttəfiqlərdən Ukrayna üçün uzunmüddətli və etibarlı təhlükəsizlik zəmanətinin alınmasının vacibliyini vurğulayıb:

"Əgər biz Putinin yeni vəhşiliklərinin qarşısını almaq istəyiriksə, Ukrayna üçün uzunmüddətli, etibarlı və hər şeydən əvvəl lazımi şəkildə maliyyələşdirilən təhlükəsizlik zəmanətinə malik olmalıyıq - Böyük Britaniya, ABŞ və bütün Qərb müttəfiqləri tərəfindən verilən zəmanət".

Cümə axşamı ABŞ prezidenti Donald Tramp deyib ki, Rusiya Ukraynaya sülh gətirmək üçün güzəşt kimi müharibəni dayandırmağı və Ukraynanın bütün ərazisini ələ keçirməməyi təklif edir. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Donald Tramp administrasiyası Ukrayna və Rusiyaya sülhə gedən yolu və finiş xəttinin necə görünməli olduğunu göstərib, indi hər iki tərəf "hə" deməlidir.

Samir

0