Rusiya ilə Ukrayna arasında yayda sülh müqaviləsi imzalanacaq?

DÜNYA
10:12 / 28.04.2025
48

"Son günlərdə ABŞ, Rusiya və Ukrayna arasında diplomatik fəaliyyətlər artıb. Bu isə yay aylarında Moskva ilə Kiyev arasında atəşkəs və ya sülh sazişinin imzalanması ehtimalını gündəmə gətirir". 

Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 2025-ci ilin fevralında ABŞ və Rusiya nümayəndələri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində görüşərək Ukrayna müharibəsinin sona çatdırılması yollarını müzakirə etdilər:

"Bu görüşdə Ukrayna və Avropa İttifaqı nümayəndələri iştirak etməsə də, ABŞ və Rusiya münaqişənin diplomatik yolla həllinə dair razılığa gəldilər. Fevral ayında ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Prezident Vladimir Putin arasında telefon danışığı baş tutdu. Bu danışıqdan sonra Tramp Ukrayna münaqişəsinin diplomatik yolla həllinə dair razılıq əldə edildiyini bildirdi".

372209

Ekspert qeyd edib ki, ABŞ tərəfindən təklif olunan sülh planı aşağıdakı əsas məqamları əhatə edir:

"Birincisi, Krımın və digər işğal olunmuş ərazilərin Rusiyanın nəzarətində qalmasıdır. İkincisi, Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsidir. Üçüncüsü isə Ukraynaya Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsidir.

Həmçinin, ABŞ şirkətlərinə Ukraynanın mineral ehtiyatlarına çıxış imkanı verilməsi və Zaporojiya Atom Elektrik Stansiyasının ABŞ nəzarətinə verilməsi də Vaşinqtonun təklifləri arasında yer alır. Eyni zamanda, Rusiyaya qarşı sanksiyaların ləğvi və enerji sahəsində əməkdaşlıq da buraya aiddir". 

Onun sözlərinə görə, Ukrayna rəhbərliyi bu planın bəzi müddəalarına, xüsusilə Krımın Rusiya nəzarətində qalması və NATO-ya üzvlükdən imtina məsələlərinə qarşı çıxır:

"Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayaraq, bu cür güzəştlərin qəbuledilməz olduğunu bildirib. Mövcud diplomatik fəaliyyətlər və təklif olunan sülh planları nəzərə alındıqda yay aylarında Moskva ilə Kiyev arasında atəşkəs ehtimalı böyük ola bilər. 

Lakin Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələlərindəki mövqeyi bu prosesin mürəkkəbliyini artırır. Buna görə də, yaxın aylarda atəşkəsin əldə olunması mümkün olsa da, tam və davamlı sülh sazişinin imzalanması üçün daha geniş razılaşmalar və güzəştlər tələb oluna bilər". 

Rüstəm Tağızadə hesab edir ki, indiki halda tərəflər arasındakı danışıqların sürətlənməsi mümkündür:

"Həmçinin, bu danışıqlarda Rusiyanın dondurulmuş aktivləri müzakirə edilə bilər. Buna baxmayaraq, atəşkəsin olması Ukraynanın milli maraqlarına cavab vermir. Çünki bu, dondurulmuş münaqişə prinsipinə əsaslanaraq münaqişənin uzanmasına gətirib çıxaracaq". 

Pərviz

0