"Hindistanla Pakistan arasında ötən əsrin ortalarından başlayan gərginlik bu gün də davam edir. Zaman-zaman həmin gərginliklərin aktiv fazaya keçməsi ilə bağlı proseslərin şahidi oluruq".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, təxminən 1 əsrdir Cammu və Kəşmir əraziləri uğrunda tərəflər arasında münaqişə var:
"Üstəlik, bu münaqişə dövründə nə Hindistan, nə də Pakistan güzəştə getmir. İndiyə kimi dəfələrlə iki ölkə arasında müharibənin baş vermə ehtimalı ilə bağlı ciddi hadisələr də olub. Növbəti belə hadisə Hindistanın Pakistana axan Hind çayının suyunun kəsməsi prosesi nəticəsində yaranıb.
Bu isə tərəflər arasında müharibəyə səbəb ola biləcək hadisədir. Çünki həmin çaydan gələn su Pakistanın kənd təsərrüfatı torpaqlarının təqribən 80 faizinin sulanması zamanı istifadə olunur. Yəni bu, adıçəkilən ölkədə çox ciddi ərzaq qıtlığına və kənd təsərrüfatı məhsullarının məhvinə gətirib çıxara bilər".
Ekspert diqqətə çatdırıb ki, həm Pakistan, həm də Hindistan nüvə silahına sahibdir:
"Bəlkə də SSRİ və ABŞ-dən sonra yeganə dövlətlərdir ki, ciddi qarşıdurma şəraitindədirlər. Əlbəttə ki, bu, çox təhlükəli vəziyyətdir. Nüvə silahına sahib iki dövlətin istənilən an müharibəyə başlayacağı və nüvə silahından istifadə edəcəyi istisna olunmur. Bu isə dünya üçün böyük fəlakətə gətirib çıxara bilər.
Nüvə müharibəsinə gətirib çıxaracaq proseslər digər dövlətlər arasında da baş verir. Uzun müddətdir ki, müharibələr Qərb regionunda yaşanır. Lakin müəyyən güclər artıq dünyanı Şərq hissəsində də qarşıdurmaların alovlandırılmasında maraqlı görünürlər".
Politoloq qeyd edib ki, həm Pakistan, həm də Hindistan Çinlə sərhədi olan dövlətlərdir:
"Bu, bəzi qüvvələrin müharibə və münaqişələrin daha çox Çin istiqamətində yönləndirilməsi siyasəti də ola bilər. Hər şeyə rəğmən, Çinin də bu müharibənin olmasını istəməyəcəyini düşünürəm. Çünki başlayacaq nüvə müharibəsi Çinə də təsir edəcək. Üstəlik, Çin öz məhsullarını Pakistan vasitəsilə okeana çıxarmaq üçün böyük layihələr həyata keçirir. Öz layihələrini təhlükəyə atacaq müharibənin başlamasını istəməsi məntiqli görünmür".
Xəyal Bəşirov hesab edir ki, Çin və Rusiya bu müharibəni əngəlləmək üçün əllərindən gələni edəcəklər:
"Lakin zaman-zaman yeni dünya düzəninin formalaşdığı və üçüncü dünya müharibəsi astanasında yaşadığımızdan bəhs edirik. Belə bir mərhələdə, çox ciddi kataklizmlərin baş verdiyi dönəmdə istənilən dövlət arasında, o cümlədən də Hindistanla Pakistan arasında hər an müharibənin başlaya biləcəyini istisna etmək olmur".
Pərviz