Karib dənizində iki yeni timsah növü aşkar edilib - Yox olmaq təhlükəsi ilə üz-üzədirlər

DÜNYA
19:58 / 29.04.2025
56

Alimlər Karib dənizində, Yukatan yarımadasına yaxın ərazilərdə iki yeni timsah növü aşkarlayıblar. Lakin bu növlər artıq ciddi şəkildə yox olmaq təhlükəsi altındadır. 

HİT.az xəbər verir ki, bu barədə "Molecular Phylogenetics and Evolution" jurnalında dərc olunan yeni araşdırmada bildirilir.

Kanadanın MakGill Universitetindən tədqiqatın həmmüəllifi Hans Larsson bildirib: "Biomüxtəliflik elə sürətlə yox olur ki, itirdiyimizi belə dərk etməyə vaxtımız qalmır. Timsah növlərinin əksəriyyəti artıq təhlükə altındadır, sahil zonalarının sürətli urbanizasiyası isə demək olar ki, bütün populyasiyalara təhlükə yaradır".

Araşdırma çərçivəsində alimlər Meksikaya məxsus Kosumel adası və Banko Çinçorro atolu rifindəki timsahların genetik ardıcıllıqlarını təhlil edərək, onları Karib hövzəsi, Mərkəzi Amerika və Meksikanın Sakit okean sahillərindəki timsahlarla müqayisə ediblər.

Nəticələr göstərib ki, Kosumel və Banko Çinçorro populyasiyalarında genetik fərqlər o qədər kəskindir ki, onları əvvəllər hesab olunduğu kimi "Crocodylus acutus" növünün alt növü deyil, müstəqil timsah növləri kimi qəbul etmək lazımdır.

Araşdırmada qeyd olunub ki, bu iki yeni növ arasında morfoloji fərqlər də mövcuddur: əsas fərq kəllə sümüklərinin uzunluğu və eni ilə bağlıdır. Banko Çinçorro timsahlarının nisbətən uzun və enli burun quruluşuna sahib olduğu aşkar edilib.

"Bizim analizlər göstərdi ki, bu iki ərazi - Banko Çinçorro və Kosumel - genetik baxımdan unikaldır və təcrid olunmuş populyasiyalar təşkil edir", deyə tədqiqatçılar bildiriblər.

Ən narahatedici məqam isə bu növlərin hər birinin çoxalma qabiliyyətinə malik cəmi təxminən 500 fərddən ibarət olmasıdır. Bu isə onları son dərəcə həssas və yox olmağa meyilli edir. Populyasiyalar hazırda sabit görünsə də, məhdud say və yaşayış mühitinin zəifliyi onların gələcəyi üçün təhlükə yaradır.

"Təbiətdə nəyi itirmək üzrə olduğumuzu bilmədən onu qorumaq mümkün deyil. Artıq bu timsahların ayrıca növlər olduğunu qəbul etdik və onların yaşadıqları əraziləri qorumaq həyati əhəmiyyət daşıyır. Kosumel və Banko Çinçorroda tikinti fəaliyyətinin məhdudlaşdırılması və mühafizə strategiyalarının tətbiqi onların yaşaması üçün həlledici olacaq", deyə H.Larsson əlavə edib.

Samir

0