Uels şahzadəsi Uilyam və xanımı Ketrin evliliklərinin 14-cü ildönümünü Şotlandiyanın daxili Hebrid adalarından biri olan Mall adasında qeyd etməyə hazırlaşırlar. Cütlük səfərinə adanın liman şəhəri olan və rəngarəng binaları ilə tanınan Tobermoridən başlayacaq.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat verib.
Məlumata görə, Mall adası Şotlandiyanın dördüncü, Daxili Hebrid adalarının isə ikinci ən böyük adasıdır. Bu yer şahzadə Uilyam üçün xüsusi əhəmiyyət daşıyır, çünki o, atasının kral olmasından sonra irsən aldığı "Adaların hökmdarı" titulu ilə bu ərazini assosiasiya edir.
Krallıq ailəsinin adadakı ən məxfi iqamətgahların birində qalacağı ehtimal olunur. Lakin ada həmçinin adi turistlər üçün də əlverişli və sərfəli istirahət şəraiti təklif edir. Qonaqlar burada mükəmməl mənzərələr, ləzzətli ənənəvi mətbəx və münasib qiymətlərlə lüks yaşayış yerlərindən zövq ala bilərlər.
Adaya səfər etmək istəyən turistlər yalnız 7 funt sterlinq (təxminən 389 manat) ödəməklə materikdə yerləşən Oban şəhərindən Kreygnure limanına gedən "CalMac Ferry" bərə xidmətindən istifadə edə bilərlər.
"Daily Mail" əlavə edir ki, adaya gələnlər Tobermory Distillery zavodunda istehsal olunan yerli viskini dadmağı və "Isle of Mull Cheese" pendirini sınaqdan keçirməyi unutmamalıdırlar. Bu pendir Hebrid adalarında ənənəvi üsulla istehsal edilən və mükafat qazanmış məhsuldur. Mall adasında zövqə uyğun müxtəlif növ otellər, qonaq evləri və "yataq və səhər yeməyi" tipli mehmanxanalar mövcuddur.
Adanın digər diqqətçəkən məkanı isə Tobermorinin şimalında yerləşən Glengorm qalasıdır. Bu qala adanın şimal qayalıqları üzərində ucaldılmış əsl dağlıq Şotlandiya qalasıdır.
Bundan əlavə, adada yerləşən kafelərdə yerli təzə məhsullarla hazırlanan yeməklər təqdim olunur. Otel otaqları isə çiçəkli çəmənliklərlə, meşə mənzərəsi və Kalqari körfəzinin mavi sularına baxan mənzərə ilə əhatələnmişdir. Bu məkan həm rəssamlar, həm də romantik istirahət axtaranlar üçün ideal seçim sayılır.
Samir