İsrail-HƏMAS müharibəsi nə üçün bitmir? - ŞƏRH

DÜNYA
10:40 / 01.05.2025
629

"İsrail-HƏMAS müharibəsinin indiyə qədər bitməməsinin əsas səbəblərindən biri Təl-Əvivin maksimalist mövqeyi ilə bağlıdır". 

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, İsrail təkcə Qəzza zolağında HƏMAS-ın mövqelərinin zəiflədilməsi ilə kifayətlənmək istəmir:
"İsrailin məqsədi HƏMAS-ın ümumiyyətlə ləğv olunması və silahı yerə qoymasıdır. Ona görə də indiyə qədər aparılan danışıqlarda yekun nəticəyə gəlmək mümkün olmayıb. Bəzi ölkələrin, xüsusilə də ABŞ-nin təzyiqi ilə əldə olunan kövrək razılaşma belə sonradan müxtəlif bəhanələrlə pozulub. Nəticə etibarilə, yenidən atəşkəsi müzakirə etmək də artıq mümkünsüz hala gəlib çıxıb".

Rəşad Bayramov qeyd edib ki, son dövrlərdə İsrailin sözügedən müharibəni bitirməməsinə şahidlik edirik:
"Çünki indiyə qədər müharibə HƏMAS tərəfindən girovların azad edilməməsi ilə bağlı aparılırdı. Lakin son olaraq HƏMAS bütün girovların azad edilməsi fonunda 5 illik atəşkəs təklifi ilə çıxış etdi. Amma buna baxmayaraq, Benyamin Netanyahu hakimiyyəti həmin təklifi rədd etdi. 

Bu da onu göstərir ki, artıq İsrailin hədəfi təkcə girovların azad edilməsindən ibarət deyil. Burada daxili faktorlar da mühüm rol oynayır. Bu gün adıçəkilən ölkədə baş verən daxili ziddiyyətlər müharibənin davam etdirilməsinə səbəb olur". 

Ekspert bildirib ki, HƏMAS artıq əvvəlki gücündə deyil, mövqeləri xeyli zəifləyib:
"Çünki İran əvvəllər olduğu kimi onlara dəstək verə bilmir. Rəsmi Təl-Əviv də bunu çox gözəl bilir. Bu səbəbdən də hər hansısa razılaşma olmadan sona qədər mübarizə apararaq HƏMAS-ı təşkilat olaraq ortadan qaldırmağı hədəfləyir".

Politoloq onu da əlavə edib ki, İsrail həm də Qəzza üzərində öz nəzarətini möhkəmləndirmək istəyir:
"Bu cür mövqe ilə HƏMAS-ı tamamilə sıradan çıxarmağın mümkün olub-olmayacağını isə zaman göstərəcək. Nəzərə almaq lazımdır ki, davamlı olaraq bir ərazini blokadada saxlamaq, hətta humanitar yüklərin çatdırılmasının qarşısını almaq Qəzza zolağında vəziyyəti olduqca mürəkkəbləşdirir. Bu da yerli əhalinin radikalaşmasına gətirib çıxarır.

Yəni İsrail HƏMAS-ı yox etməyi qarşısına məqsəd qoyub. Ancaq həmin radikalların HƏMAS tərəfinə keçməsi nəticəsində daha böyük təhlükə ilə üz-üzə qala bilər. Ona görə də indiki mərhələdə İsrailin atmalı olduğu addım atəşkəs təklifinə müsbət cavab verməkdir. Əks təqdirdə, İsraillə HƏMAS arasındakı qarşıdurmanın tez bir zamanda həllini tapması mümkün olmayacaq". 

Pərviz

0