Suriyadakı druzların ruhani lideri Hikmət əl-Hicri druz icmasını radikal yaraqlıların hücumlarından qorumaq üçün dərhal beynəlxalq qüvvələrin yerləşdirilməsinə çağırıb.
Hit.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Müraciətə səbəb druzların üstünlük təşkil etdiyi Saxnaidə baş verən toqquşmalar olub.
Əl-Məyadin telekanalı əl-Hicriyə istinadən xəbər verir ki, baş verənlər sülhü qorumaq və növbəti cinayətlərin qarşısını almaq üçün beynəlxalq qüvvələrin dərhal müdaxiləsini tələb edir.
Druzların ruhani lideri həmçinin qeyd edib ki, Saxnai və Caramana şəhərlərində baş verənlərdən sonra druz icması artıq özünü hökumət adlandıran quruma etibar etmir. O vurğulayıb ki, indiki hakimiyyət öz radikal dəstələrinin köməyi ilə öz xalqına qarşı repressiyalar törədir. Onun sözlərinə görə, söhbət Suriya hakimiyyətinin şəhərlərə göndərdiyi silahlı birləşmələrdən gedir.
Bu arada Suriya rəsmiləri müdaxilə çağırışlarının Suriya qanunları çərçivəsindən kənar hərəkət edən tərəflərdən gəldiyini bildirib və məsələnin Suriya daxilində həll edilməli olduğunu vurğulayıb. Suriya Daxili İşlər Nazirliyi Saxnaidə əməliyyatın başa çatdığını və vəziyyətin nəzarətə götürüldüyünü açıqlayıb.
Qeyd edək ki, druzlar ismailliliyin şaxələrindən biri olan müsəlman dini təriqətinə aid ərəblər. Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır.
Samir