İlon Mask və "Tesla" İdarə Heyətinin sədri Robin Denholm "Wall Street Journal"ın şirkətin yeni baş icraçı direktor (CEO) axtardığına dair xəbərini qəti şəkildə təkzib ediblər.
Hit.az bu barədə "Axios"a istinadən xəbər verir.
Mövzuya marağın səbəbi "Tesla" satışlarının azalması, Maskın prezident Donald Trampın açıq müttəfiqinə çevrilməsi və dövlət xərclərinin azaldılması təşəbbüsü olan DOGE islahatına rəhbərlik etməsi olub. Keçən həftə Mask diqqətini "Tesla"ya yönəldəcəyini vəd edib və DOGE-dən ayrıldığını açıqlayıb.
"The Wall Street Journal" iddia etdi ki, "Tesla"nın direktorlar şurası yeni CEO axtarışına başlamaq üçün bir neçə işə götürən firma ilə əlaqə saxlayıb və heyət üzvləri ona "Tesla"ya daha çox vaxt ayırması lazım olduğunu bildiriblər. Nəşr onu da qeyd edib ki, Mask şuranın mövqeyi ilə mübahisə etməyib.
Ancaq "Tesl" bu məlumatları rəsmi olaraq təkzib edib.
"Bu, tamamilə yalandır... "Tesla"nın baş icraçı direktoru İlon Maskdır və direktorlar şurası onun həyəcanverici böyümə planını həyata keçirməyə davam etmək qabiliyyətinə çox əmindir", deyə Robin Denholm bildirib.
Mask özü də sərt reaksiya verib:
"Etikanın son dərəcə kobud pozulması. WSJ qəsdən yanlış məqalə dərc edib və "Tesla" idarə heyətinin açıq-aşkar təkzibini daxil etməyib".
Əvvəllər Maskı şirkəti idarə etməyə qayıtmağa çağıran "Wedbush Securities" analitiki Den İves WSJ hesabatını bir növ "xəbərdarlıq zərbəsi" adlandırıb. Lakin o, etiraf edib:
"Vəziyyət çox gərgin olsa da, biz Maskın doğru şeyi etdiyinə inanırıq və inanırıq ki, Mask ən azı beş il "Tesla"nın baş icraçı direktoru olaraq qalacaq".
İves həmçinin qeyd edib ki, DOGE ətrafında vəziyyət “kritik həddə çatıb”, lakin indi “sağlam düşüncə üstünlük təşkil edib” və idarə heyəti “aktiv olaraq Maskın əvəzləyicisini axtarmır”.
Samir