İran Şəhid Rəcai limanının partlaması səbəbindən 3-5 milyard dollar itirib

DÜNYA
16:10 / 05.05.2025
63

İran aprelin 26-da ölkənin cənubundakı Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində 3 milyard dollardan 5 milyard dollara qədər itki verib. 

HİT.az xəbər verir ki, bu barədə İranın telekommunikasiya və informasiya texnologiyaları nazirinin müavini Məhəmməd-Möhsün Sədr məlumat verib. 

Onun sözlərinə görə, dəymiş ziyanın miqyasına baxmayaraq, ölkə müasir texnologiyaların köməyi ilə hadisənin nəticələrinin aradan qaldırılmasını gözləyir.

Xatırladaq ki, partlayış nəticəsində azı 70 nəfər ölüb, 1200-ə yaxın insan yaralanıb. Hökumət sözçüsü Fatemeh Mohaceraninin daha əvvəl Fars xəbər agentliyinə verdiyi məlumata görə, partlayışın episentri kimyəvi maddələr olan anbar olub, lakin hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Eyni zamanda, bir sıra KİV-lər partlayışın mümkün mənbəyi kimi yanacaq çənindəki yanğını göstərib.

Partlayışın gücü o qədər böyük olub ki, limandan təxminən 20 kilometr aralıda yerləşən Qeşm adasında eşidilib. Nəticədə irimiqyaslı yanğın da baş verib. Səlahiyyətlilər araşdırmaya göstəriş verib.

“The New York Times” mənbəyə istinadən iddia edib ki, səbəb bərk raket yanacağının istehsalında istifadə olunan maddənin sızması ola bilər. Lakin İran hakimiyyəti limanda hərbi malların olmasını təkzib edib.

Samir

0