Aralıq dənizi bölgəsində büdcəyə uyğun ən yaxşı 5 sahil şəhəri

DÜNYA
23:18 / 06.05.2025
44

Dünyada iqtisadi çağırışların artması fonunda avropalı turistlər yay tətili planlarını ya ləğv edir, ya da daha qənaətcil seçimlər axtarırlar. 

HİT.az xəbər verir ki, "Which? Travel" turizm portalının ekspertləri Kayak axtarış sisteminin məlumatlarını və 3,5 mindən çox oxucunun sorğusunu təhlil edərək Aralıq dənizi regionunda münasib qiymətlərlə keyfiyyətli istirahət təklif edən 5 ən yaxşı sahil şəhərini müəyyənləşdirib. Siyahıya Yunanıstan üstünlük təşkil edir.

1. Rodos, Yunanıstan

Rodos adasında üç-dörd ulduzlu otellərdə iki nəfərlik otaqda gecələmək orta hesabla 87 funt sterlinqə (təxminən 102 avro) başa gəlir. Ada turistləri yalnız gözəl çimərliklərlə deyil, həm də qədim memarlıq nümunələri və yerli mətbəxin ləzzətləri ilə cəlb edir. Lakin son illərdə yay aylarında baş verən meşə yanğınları adanın əsas probleminə çevrilib.

2. Porto, Portuqaliya

Porto şəhərində normal şəraitli iki nəfərlik oteldə gecələmək orta hesabla 93 funt sterlinq (təxminən 109 avro) təşkil edir. Douro çayının sahilində yerləşən şəhər rəngarəng "azulejo" plitələri ilə örtülü tarixi binaları, dar daş döşənmiş küçələri, yerli tavernaları və şərab barları ilə seçilir. Ən yaxın çimərlik – Atlantik okeanı sahilindəki Foş-do-Doru – avtomobillə təxminən 10 dəqiqəlik məsafədə yerləşir. Daha gözəl çimərliklər üçün 15-30 dəqiqəlik məsafəyə səfər yetərlidir (məsələn, Praia de Miramar və Praia de Espinho).

3. Xanya, Krit adası, Yunanıstan

Krit adasının ikinci böyük şəhəri olan Xanyada iki nəfərlik otaqda gecələmək orta hesabla 93 funt sterlinq (təxminən 110 avro) təşkil edir. Şəhər yunan, roma, venesiya və osmanlı mədəniyyətlərinin izlərini birləşdirir. Uzun sahil xətti, balıq restoranları və tarixi atmosfer turistlərin diqqətini cəlb edir.

4. Nerxa, İspaniya

İspaniyanın Kosta-del-Sol sahilində yerləşən Nerxada otellərdə iki nəfərlik otaqda gecələmək orta hesabla 97 funt sterlinq (təxminən 113 avro) təşkil edir. Bu şəhər, hələlik tikinti bumundan qorunaraq öz cazibədar, palmiyalı mənzərələri və qayalı sahilindəki ağ boyalı evləri ilə seçilir. Nerxa daha böyük və səs-küylü kurortlarla müqayisədə daha sakit və estetik atmosfer təqdim edir.

5. Afina, Yunanıstan

Yunanıstanın paytaxtında iki nəfərlik otel otağında gecələmək orta hesabla 99 funt sterlinqə (təxminən 116 avro) başa gəlir. Afina qədim tarixi, zəngin memarlığı, rəngarəng küçələri və dadlı mətbəxi ilə turistləri cəlb edir. Ən yaxın çimərlik – Edem – şəhər mərkəzindən tramvayla 25 dəqiqəlik məsafədə yerləşir. Bir qədər uzaqlaşmaqla daha sakit və təmiz çimərliklərə çıxış mümkündür.

Samir
 

0