"ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Ukraynaya yardımları dayandırma ehtimalı olsa belə Prezident Volodimir Zelenski tərəfindən işğal altında olan torpaqları Rusiya ərazisi kimi tanınması mümkün deyil".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Zelenskinin yerində kimin olmasından asılı olmayaraq, belə bir qərarın verilməsi mümkün deyil:
"Çünki kimsə bu addımı atacaq ölkə rəhbərini qəbul etməz. Bunu Zelenski də, Ukraynada hakimiyyət uğrunda mübarizə apara biləcək şəxslər də kifayət qədər yaxşı bilir. Bu məsələdə hər hansısa güzəştə gedilməsi qeyri-mümkündür".
Ekspert rəsmi Kiyevin təkliflərindən də danışıb:
"Ukrayna tərəfi münaqişənin dondurulmasını, atəşkəsin elan olunmasını, tərəflərin mövcud vəziyyətdə dayanmasını və danışıqlar mərhələsinin başlamasını təklif edir. Yəni Ukrayna işğal olunan əraziləri Rusiyanın tərkib hissəsi kimi qəbul etmir, amma həmin ərazilər faktiki olaraq rusların nəzarətində qalır.
Bu halda həmin ərazilərin hansı halda qaytarıla biləcəyi və digər istiqamətlərlə bağlı uzun danışıqlar dövrü başlayacaq. Həmin müddətdə isə tərəflər bir daha düşünmək imkanı əldə edə, Ukrayna isə öz ərazisində dağıdılmış infrastrukturu bərpa etməyə başlaya bilər".
Lakin politoloq diqqətə çatdırıb ki, Kreml işğal etdiyi torpaqların Rusiya ərazisi kimi tanınmasını tələb edir:
"ABŞ də Ukraynanın Krım və digər işğal olunan yerlərinin Rusiya ərazisi kimi tanınması ilə bağlı Zelenskiyə təzyiq göstərir. Lakin təbii ki, bu təzyiqlər effekt verməyəcək.
Çünki Zelenski Moskvanın tələbini qəbul edərsə, bəzi suallar ortaya çıxacaq. Belə idisə, nə üçün 3 ildir müharibə davam edirdi? Bu qədər insan niyə öldü? Həmçinin, ölkənin bu qədər infrastrukturu nəyə görə dağıldı? Hakimiyyətə bu kimi suallar ünvanlanacaq.
Deyəcəklər ki, Krım, Donetsk, Luqanskı əvvəldən Rusiya ərazisi kimi tanıyaraq müharibədən qaçmaq olardı. Lakin bu addım atılmadı və müharibə başladı. Ona görə də indiki vəziyyətdə torpaqların güzəştə gedilməsi inandırıcı deyil".
Pərviz