"Reuters": Suriya və İsrail BƏƏ-nin vasitəçiliyi ilə gizli danışıqlar aparır

DÜNYA
17:00 / 07.05.2025
78

Suriya və İsrail Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qurduğu rabitə kanalından istifadə edərək dolayı danışıqlar aparır. 

HİT.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Onların sözlərinə görə, təmaslar iki ölkə arasında etimadın möhkəmləndirilməsinə yönəlib və ilk növbədə təhlükəsizlik məsələlərinin müzakirəsini nəzərdə tutur.

“Rabitə kanalının yaradılmasına aprelin 13-də Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın BƏƏ-yə rəsmi səfərindən bir neçə gün sonra başlanılıb”, deyə "Reuters" xəbər verir.

Suriya təhlükəsizlik xidmətindəki yüksək vəzifəli mənbənin sözlərinə görə, kanal sırf təhlükəsizlik və terrorizmlə mübarizə ilə bağlı məsələləri müzakirə etmək üçün yaradılıb. 

"Eyni zamanda, danışıqlarda BƏƏ təhlükəsizlik xidmətinin əməkdaşları, Suriya kəşfiyyatı və İsrail kəşfiyyatının keçmiş əməkdaşları iştirak edir", deyə "Reuters"in mənbələrindən biri iddia edir. Keçən həftə İsrailin Suriyaya endirdiyi zərbələrdən sonra rabitə kanalından istifadə edilib-edilmədiyi məlum deyil.

Suriya ilə İsrail arasında münasibətlər fevralın sonlarında Dəməşq yaxınlığındakı Cermana şəhərində keçid hökumətinin təhlükəsizlik qüvvələri ilə özünümüdafiə qüvvələri arasında toqquşma zamanı daha da pisləşib. Bununla bağlı İsrail Suriyanın yeni hakimiyyət orqanlarının etno-konfessional azlıqlara təzyiq etdiyini bəyan edib və silahlı qüvvələrə Suriyadakı druz icmasının müdafiəsini təmin etməyi tapşırıb. Aprelin 30-da İsrail ordusu Suriyada ekstremist qruplaşmanın hücrəsinə zərbələr endirib. İsrail tərəfi bildirib ki, radikallar druz əhalisinə qarşı hücum planlaşdırırlar.

Samir

0