Bavariyadan Baltik sahillərinə qədər: Almaniyanın ən gözəl 10 məkanı - SİYAHI

DÜNYA
22:55 / 08.05.2025
45

Almaniya Avropanın ən böyük və rəngarəng ölkələrindən biridir. Son illər keçirilən Avropa çempionatı kimi tədbirlər bu ölkəyə olan marağı artırsa da, təcrübəli səyyah Endryu İmsin fikrincə, hələ də turistlər tərəfindən kifayət qədər dəyərləndirilmir.

HİT.az xəbər verir ki, "The Times" nəşrindəki bloqunda o, Almaniyanı 30 ilə yaxındır səyahət etdiyi ölkə kimi təqdim edərək, burada mütləq görməli olan 10 məkanı sadalayıb:

"Mən bu ölkəyə ilk dəfə 30 il əvvəl Aşağı Saksoniyadan olan bir qızla tanış olanda getmişdim. Sonra gələcək ailə üzvlərimi ziyarət etdikcə, Almaniyanı daha yaxından tanımaq üçün uzaq bölgələrə üz tutdum. O zamandan bəri dağ silsilələri, möhtəşəm çaylar, orta əsr şəhərləri, üzüm bağları və pivə bağçalarını kəşf etdim. Almaniya, əslində, Avropanın ən az dəyərləndirilən, lakin ən maraqlı turistik istiqamətlərindən biridir".

Endryunun tövsiyəsinə əsasən, Almaniyada nə qədər qalacağınıza görə səfər planınızı qurmaq faydalı olar. Məsələn:

* 1 həftəlik səfər – Bavariyada "romantik yol" marşrutu ilə tanışlıq.
* 2 həftəlik səfər – Şvarsvald meşəsi, Berlin və Baltik dənizi sahilləri.
* 3 həftəlik səfər – Reyn çayı ətrafı, Mozel üzüm bağları və Rur sənaye bölgəsi.

Büdcəsi məhdud olan turistlər üçün isə Donau çayı boyunca velosiped marşrutu və qonaq evlərində gecələmə tövsiyə edilir.

Almaniyada ziyarət üçün ən yaxşı 10 yer:

1. Romantik yol – Bavariyada yerləşən, 366 km-lik tarixi marşrut. Vürzburgdan Füssenə qədər uzanır.
2. Reyn vadisi – Koblens şəhərindən başlayaraq, orta əsr şəhərləri və qəsrlərlə zəngin bölgə.
3. Şvarsvald (Qara meşə) – Baden-Vürttemberq torpağında yerləşən sıx meşəlik dağlıq ərazi.
4. Noyşvanştayn qəsri və Alp dağları – Bavariyada yerləşən nağılvari mənzərə və məşhur qəsr.
5. Harz dağları – Aşağı Saksoniya, Saksoniya-Anhalt və Türingiya arasında yerləşən, gözəldiyi ilə diqqətdən qaçan dağ massivi.
6. Bodenz gölü – Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən təbii gözəllik; Almaniyadan Konstanz şəhəri ilə tanış olmaq mümkündür.
7. Mozel üzüm bağları – Almaniyanın əsas şərab istehsalı bölgəsidir. Trier şəhəri bu ərazidə yerləşir.
8. Heydelberq – Baden-Vürttemberq torpağında yerləşən, gözəl memarlığı və qədim tarixi ilə seçilən şəhər.
9. Rur sənaye bölgəsi – Keçmişdə Avropanın sənaye mərkəzi olmuş bu ərazidə bu gün sənaye turizmi inkişaf edib (Essen, Duisburq, Dortmund və s.).
10. Baltik dənizi sahilləri – Şlezviq-Holşteyn torpağındakı Lyubek və Meklenburq-Ön Pomeraniyadakı Rostok və Vismar kimi şəhərləri əhatə edir.

Samir
 

0