Dünyanın ən çox diqqət çəkən itkin düşmə hadisəsi hesab edilən Madelin Makkanın yoxa çıxması ilə bağlı yeni sənədli film Alman polisi tərəfindən tapılan və indiyə qədər yayımlanmayan dəlil fotolarını üzə çıxarıb.
HİT.az xəbər verir ki, Madelin 3 yaşında olarkən Portuqaliyanın “Praia da Luz” şəhərində ailəsi ilə birlikdə tətil zamanı itkin düşmüşdü və bu günə qədər aparılan istintaqlar onun taleyi ilə bağlı dəqiq nəticə verə bilməyib.
İtkinin üzərindən 18 il keçməsinə baxmayaraq, iş hələ də bağlanmayıb. Hazırda Almaniya prokurorluğu baş şübhəli Kristian Brüknerlə bağlı ittihamları hazırlayır. Brükner hal-hazırda amerikalı bir qadına qarşı cinsi zorakılığa görə aldığı həbs cəzasını çəkir və bu ilin sonlarına doğru azadlığa buraxılması gözlənilir. O, Madelinin itməsi ilə bağlı bütün ittihamları rədd edir.
“The Sun” qəzeti və “Channel 4” televiziyasının birgə hazırladığı sənədli film Almaniyanın “Neuwegersleben” şəhərində Brüknerə məxsus ərazidə tapılan və daha əvvəl paylaşılmamış görüntüləri üzə çıxarıb.
Filmdə bildirilir ki, ərazidə qeyri-qanuni silah və sursatla yanaşı, uşaq oyuncaqları və velosipedlər aşkarlanıb. Bundan əlavə, fabrikdə 75-dən çox uşaq çimərlik geyimi və 4–5 yaşlarında qız uşaqlarının fotoşəkilləri olan bir qutu da tapılıb.
Polis həmçinin, gənc qızlara aid çox sayda fotoşəkilin olduğu bir çamadan, telefon nömrələri və ünvanların yazıldığı dəftərlər də aşkarlayıb.
Sənədli filmdə yer alan digər açıqlamalarda Brüknerə aid olduğu iddia edilən və qadınlarla uşaqları oğurlama fantaziyalarının yer aldığı əlyazmalar da yer alır. Onların əksəriyyəti televiziyada yayımlanacaq qədər uyğun sayılmayıb. Lakin birində ana və qızının qaçırılması ətraflı şəkildə təsvir edilib.
Digər kəşflər arasında Brüknerin avtomobilinə uyğun gələn bir maşında aşkar edilən kimyəvi maddələr və 2023-cü ildə Madelinin yoxa çıxması ilə əlaqədar olaraq axtarış aparılan Arade su anbarındakı görüntülər də var.
“The Mirror” qəzetinə istinadən verilən məlumata görə, həlledici sübutlardan biri də Maddelin yoxa çıxmasından qısa müddət sonra öldürüldüyünə dair dəlillər olduğu iddia edilən bir sabit disk olub. Lakin sənədli filmdə bu sabit disk barədə ətraflı məlumat verilməyib.
Alman prokuror Hans Kristian Volters isə daha əvvəl Avstraliya televiziyasına açıqlamasında bu sözləri deyib:
"Madelin Makkanın öldüyünə və şübhəlimizin onu öldürdüyünə dair güclü sübutlarımız var. Cəsədini və ya cəsədin hissələrini tapmamışıq, lakin şübhəlimizin onu öldürdüyünü deyə bilməyimiz üçün yetərli sübut mövcuddur."
Samir