Dünyaca məşhur “Lonely Planet” səyahət portalının həmtəsisçisi Toni Uiler artıq səfər etməyi planlaşdırmadığı 4 ölkənin adını açıqlayıb.
HİT.Az xəbər verir ki, o, bu barədə öz bloqunda “Mən daha ora getmirəm” başlıqlı yazısında danışıb. O, qərarını müxtəlif səbəblərlə, məsələn, siyasi vəziyyət və ya nəqliyyat problemləri ilə əsaslandırıb.
1. Rusiya
78 yaşlı səyyah öz antireytinqində birinci yerə Rusiyanı qoyub. O, bu ölkəyə qayıtmaq istəməməsinin səbəbini, xüsusilə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə izah edib:
"Yəqin ki, onlar Şimali Koreya və ABŞ ilə birləşib Ukraynaya hücum edənə qədər. Və Putin günahsız insanları öldürməyə davam etdiyi müddətcə. Əlbəttə, öldürülən ukraynalıların sayını hesablamaq mümkün deyil, lakin 2014-cü ildə Putinin adamları tərəfindən vurulan "Malaysia Airlines"in MH17 reysində olan 298 günahsız sərnişin və ekipaj üzvü arasında 27 avstraliyalı var idi", deyə ekspert yazıb.
Səyyah qeyd edib ki, Rusiyada bir neçə dəfə olub. O, həmçinin Ukraynaya da bir neçə dəfə səfər edib.
2. Səudiyyə Ərəbistanı
Toni Uilerin sözlərinə görə, bu ölkəyə bir daha qayıtmaq istəməməsinin bir çox səbəbi var. O, xüsusilə, İstanbulda Səudiyyə jurnalıstı Cəmal Kaşıkçının qətlinə istinad edib:
"2022-ci ildə Somalilendə (özünü müstəqil elan edən Somalinin şimal hissəsi – red.) olarkən xilas edilmiş gepardlarla qarşılaşdım. Onları Səudiyyə Ərəbistanına ev heyvanı kimi saxlamaq və böyüyəndə öldürmək üçün göndərmək istəyirdilər. Kim bilirdi ki, Somalilendə gepardlar var? Kim onların yaxşı ev heyvanı ola biləcəyini düşünə bilərdi? Səudiyyə Ərəbistanı? Xeyr, təşəkkürlər".
3. Bali
İndoneziyaya məxsus olan Bali adası turistlər arasında populyar məkan olsa da, Toni Uiler bir daha ora qayıtmaq fikrində deyil. Bunun səbəbi isə yollarda dəhşətli nəqliyyat probleminin olmasıdır:
"Onlar bu axmaq nəqliyyat problemini həll edənə qədər mən bir daha ora getmək istəmirəm. Əgər məni çəkəcək çox ciddi bir səbəb olmasa. Balidə qalmaq üçün gözəl yerlər, gözəl incəsənət və rəqslər, heyrətamiz yemək və əgər alış-verişi sevirsinizsə, möhtəşəm alış-veriş imkanları var. Amma mən heç bir şəkildə həyatımdan daha iki saatı Kuta çimərlik zonası ilə Ubud arasında sərf etmək istəmirəm".
4. ABŞ
Toni Uiler ABŞ-nin bütün 50 ştatını ziyarət etməyi planlayırdı. Keçən il o, siyahısına Missuri və Cənubi Karolina ştatlarını əlavə edib. Hədəfinə çatmaq üçün ona yalnız Alabama, Kanzas və Missisipi ştatlarını görmək qalıb. Lakin hazırda onun ABŞ-yə səfərləri fasilədədir:
"Amma indi hakimiyyətdə narıncı namizəd (Donald Tramp) və onunla əlaqəli alçaqlar olduğu üçün mən artıq ora getmək istəmirəm. ABŞ-da həyatımın demək olar 10 ilini keçirməyimə (Orta Qərb, Şərq və Qərb sahilləri) və bir çox amerikalı dostum olmasına baxmayaraq, indi ABŞ-ni planlarımın sonunda saxlamağa razıyam. Trampıstan Rusiya və Şimali Koreya ilə birlikdə dünyada xaos yaratdığı və dələduz gömrük vergiləri tətbiq etdiyi müddətcə – üzr istəyirəm, amma xeyr, təşəkkürlər".
Samir