Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasındakı danışıqlar bərpa olunacaq.
Üstəlik, bu danışıqların bərpası üçün yenidən Türkiyənin İstanbul şəhəri seçilib. Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə görüşlər İstanbul şəhərində baş tutacaq. Rusiya ilə yanaşı, Türkiyə, Ukrayna və ABŞ də danışıqların İstanbulda keçirilməsini dəstəkləyib.
İndi isə gündəmə yeni bir ehtimal gəlib. O da Moskva ilə Kiyev arasında atəşkəs və ya sülh müqaviləsinin də qardaş ölkədə imzalanma iddiasıdır.
Maraqlıdır, yaxın perspektivdə Rusiya ilə Ukrayna arasında atəşkəs və sülh müqaviləsi məhz Türkiyədə imzalana bilər? Artıq bu ehtimal artıb?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Hit.az-a açıqlama verib. O bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar üçün yenidən İstanbulun seçilməsi Türkiyənin regionda vasitəçi rolunun həm aktuallığını, həm də qəbul edilənliyini bir daha göstərdi:
"Bu, təkcə diplomatik jest deyil, həm də Ankaranın beynəlxalq etimadının göstəricisi kimi qiymətləndirilməlidir. İndi isə Rusiya və Ukrayna arasında atəşkəs və ya sülh müqaviləsinin imzalanması ehtimalının artması məsələsi müzakirə olunur. Düşünürəm ki, bu ehtimal həm artıb, həm də artmayıb. Əlbəttə ki, bu cavab hansı bucaqlardan baxdığınıza görə dəyişir".
Ekspert qeyd edib ki, danışıqlar üçün yenidən İstanbulun seçilməsi özü sülh niyyətinin tam bərpası deyil, daha çox neytral məkan axtarışının davamıdır:
"Nəzərə almaq lazımdır ki, Türkiyə bu prosesdə nə Qərbin, nə də Rusiyanın təsir dairəsindədir. Ankara həm Moskva, həm də Kiyev ilə əlaqələrini qoruyub saxladığı üçün danışıqlar üçün ideal texniki platformadır. Lakin reallıq ondan ibarətdir ki, danışıqların formatı, məzmunu və nəticəsi hazırkı geopolitik vəziyyətin mürəkkəbliyindən çox asılıdır".
Turan Rzayev vurğulayıb ki, Rusiya Krımı və işğal etdiyi digər əraziləri "öz torpağı" kimi tanıtdığı üçün əslində sülh müqaviləsinin predmeti ərazi suverenliyindən keçir:
"Bu isə Kiyevin qırmızı xəttidir. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin hələ də Volodimir Zelenskini qeyri-legitim saydığını bildirir. Bu səbəbdən də real və sabit bir sülh müqaviləsinin imzalanması qısa müddətli perspektiv üçün hələlik çətin görünür. Tərəflərin razılaşa biləcəyi yeganə mərhələ isə atəşkəsin və ya humanitar təmasların olmasıdır. Bu da sülh deyil, sadəcə sülhə gedən yolda bir aralıq mərhələ ola bilər".
Politoloqun sözlərinə görə, iki ölkəni danışıqlara sürükləyən əsas faktor Ukraynadakı mövcud vəziyyət və beynəlxalq aktorların təzyiqləridir:
"ABŞ Prezidenti Donald Trampın "sürətli sülh" yanaşması bu prosesi dinamik saxlasa da, Putinin və Zelenskinin eyni masa arxasında əyləşməsi hələlik reallığa çevrilməyib. Nəticədə, İstanbulun seçilməsi əlamətdar hadisədir, amma özü-özlüyündə sülhün təminatı deyil.
Azərbaycan-Ermənistan danışıqlarında da oxşar tendensiyalar müşahidə olunurdu. Danışıqlar intensivləşsə də, nəticə yalnız tərəflərin siyasi iradəsi möhkəmləndikdə ortaya çıxır. Rusiya-Ukrayna məsələsində isə hələ ki, bu iradə formalaşmayıb".
Pərviz