Yunanıstanın Kiklad adalar qrupunun ən şimalında yerləşən Andros adası, təbiətə yaxın, sakit istirahət arayanlar üçün ideal məkan hesab olunur.
HİT.az xəbər verir ki, bu ada Mykonosun gurultulu çimərlikləri və gecə həyatı ilə müqayisədə, səssiz kəndləri, döşənmiş daş yolları, bol yaşıllığı və heyrətamiz sahil mənzərələri ilə tanınır.
“Daily Express” nəşrinin yazdığına görə, Mykonos və Rodos kimi məşhur turizm istiqamətlərindən fərqli olaraq, Andros hələ də çoxları üçün gizli qalan bir xəzinədir. Mykonosdan cəmi 78 kilometr məsafədə yerləşsə də, Andros kütləvi turizmdən kənarda qalır və ziyarətçilərə dincəlmək, təbiətdən zövq almaq üçün mükəmməl şərait yaradır.
“Visit Greece” məlumat verir ki, adada qumlu çimərliklər, qayalı sahillər, təpələr və bulaqlar bir araya gələrək təbiət həvəskarları və piyada gəzintiləri sevənlər üçün əsl cənnət yaradır.
Androsun paytaxtı Xora, orta əsr, neoklassik və ada memarlığının qarışığını özündə birləşdirir. Burada ziyarətçilər dar küçələri, tarixi kilsələri və muzeyləri araşdıra, yaxud şəhərin rahat kafelərindən birində içki içərək istirahət edə bilərlər. Adanın əsas cazibələrindən biri isə XIII əsrə aid olan fransız qalasıdır. Bu tarixi tikili kiçik bir adacıqda yerləşir və gözoxşayan daş tağlı körpü ilə əsas adaya birləşir.
Adanın ən məşhur xüsusiyyətlərindən biri də onun yaxşı işarələnmiş piyada yollarıdır. Bu marşrutlar ziyarətçiləri zeytun bağları, kəklikotu və adaçayı ilə örtülmüş düzənliklər, vəhşi otların ətrafa yayıldığı təpələr boyunca aparır.
Andros həm də mədəniyyət baxımından zəngindir – burada “Müasir incəsənət muzeyi”, “Kiklad zeytun yağı muzeyi” və qədim dövrlərə aid “Paleopolis” kimi arxeoloji məkanlar yerləşir. “Paleopolis” adanın keçmiş paytaxtı olub.
Mikonosdan Androsa bərə ilə səyahət 1 saat 25 dəqiqə ilə 2 saat 25 dəqiqə arasında dəyişir. Məqalədə qeyd edilir:
"Androsda qonşu adalarda olduğu kimi çimərlik klubları və ya elit barlar olmaya bilər, lakin məhz bu səbəbdən yerli sakinlər və məlumatlı səyahətçilər buranı sevirlər. Bu ada həyatın sürətini azaltmaq, təbiəti kəşf etmək və kütlədən uzaq yunan adasında istirahət etmək istəyənlər üçün əvəzolunmaz məkandır."
Samir