Yaxın zamanda Putin-Zelenski görüşü baş tutacaq?

DÜNYA
10:29 / 19.05.2025
50

"Hazırda Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında üz‑üzə görüşün reallaşması üçün bir neçə ciddi əngəl var".

Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O hesab edir ki, liderlər arasında görüşün yaxın aylarda baş tutma ehtimalı çox aşağıdır:

"Rusiyanın əsas tələbi Ukraynanın NATO planlarından imtina etməsi və işğal edilmiş ərazilərin yekun statusunun danışıqlarda müzakirə olunmasıdır. Putin üçün bu, "məhsulu toplamaq" anlamına gəlir: Krımın ilhaqı və Donbasın tanınması".

373738

Ekspert bildirib ki, Ukrayna tərəfi isə haqlı olaraq buna qarşı çıxır:

"Məsələn, ötən həftə İstanbulda baş tutan görüşə Vladimir Putin gəlmədi. Ümumiyyətlə, görüş nəticəsiz oldu. Bu da gözlənilən idi. Əslində, sözügedən görüşün nəticəsiz qalmasının bir çox səbəbi var.

ABŞ tərəfi atəşkəsə tez nail olmaq istəyir. Ukrayna döyüşür, ancaq çox yorulub. Rusiya isə işğal etdiyi ərazilərdən çıxmaq niyyətində deyil. Görünən odur ki, hələlik Ukrayna və Rusiya masaya əyləşərək müsbət nəticəyə gəlmək üçün hazır deyil". 

Politoloq hesab edir ki, Putin və Zelenski arasında görüş bir halda ola bilər:

"Bunun üçün hər iki tərəfin siyasi iradə göstərərək bir-birləri ilə razılaşması lazımdır. Hazırda Rusiya-Ukrayna müharibəsi uzanır. Çünki regionda maraqları toqquşan qüvvələr ortaq məxrəcə gələ bilmir. 

Rusiya tərəfi daha çox qazanc istəyir. Hərçənd ki, bu, Ukraynanın torpaqlarının itirilməsi hesabına olmalıdır. Avropa İttifaqı dövlətləri isə sözdə yardım vədi versələr də reallıqda əsgər göndərmirlər. Təbii ki, Avropa dövlətlərinin ABŞ qədər iqtisadi resursu yoxdur". 

Rüstəm Tağızadə qeyd edib ki, təməl prinsiplər üzərində anlaşmazlıq olduğu üçün yaxın zamanlarda Putin və Zelenski görüşü baş tutmaya bilər:

"Rusiya danışıqların çox hissəsini hal-hazırda ABŞ ilə aparır. Ukrayna ilə danışıqlarda öz nümayəndələrini göndərməkdə maraqlıdır. Təəssüf ki, atəşkəsin olması da bu regiona sülh gətirməyəcək. Düşünürəm ki, bu proses dondurulmuş münaqişəyə gətirib çıxaracaq".

Pərviz

0