Finlandiya prezidenti Aleksandr Stubb "The Guardian" nəşrinə müsahibəsində bildirib ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə qarşı səbirini itirməyə başlayır və bu, düzgün istiqamətdə bir dəyişiklik kimi qiymətləndirilə bilər.
HİT.az-ın məlumatına görə, Stubb qeyd edib ki, Tramp və Putin bazar ertəsi arasında telefon danışığı planlaşdırır. Lakin bu danışıqlar Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı olmadan Ukraynanın taleyinin müəyyən edilməsinə səbəb olmamalıdır.
Stubbun sözlərinə görə, əgər bu telefon söhbətindən sonra proses müəyyən istiqamətdə inkişaf etsə, ABŞ Senatının üzvləri Lindsi Qrem və Riçard Blyumental yaxın günlərdə Rusiyanın maliyyə sistemini çökdürə biləcək yeni sanksiyalar paketini Konqresə təqdim edə bilər. O, demək olar ki, hər gün Lindsi Qrem ilə təmasda olduğunu bildirib. Qrem bu sanksiyalar paketini “sarsıdıcı” adlandırır.
Qremin təşəbbüsü ilə təqdim ediləcək qanun layihəsinin Rusiyadan enerji resursları idxal edən xarici şirkətləri də hədəf alacağı gözlənilir. Trampa sadiq siyasətçi kimi Qrem bu sanksiyaları prezidentin gömrük siyasətinin əlavə elementi kimi təqdim edir, alternativ olaraq deyil.
Estoniyada keçirilən təhlükəsizlik konfransında çıxış edən Stubb vurğulayıb ki, Avropanın Rusiya ilə yüksək səviyyəli təmasları yalnız Böyük Britaniya, Fransa və Almaniya kimi “böyük üçlük” dövlətlərinin liderləri vasitəsilə həyata keçirilməlidir. "Yüksək səviyyədə biz təkbaşına hərəkət etməməliyik", deyə o qeyd edib.
Stubb Tramp ilə şənbə günü baş tutan telefon danışığı zamanı ABŞ prezidentinə Rusiyanın nə iqtisadi, nə də hərbi baxımdan artıq böyük dövlət olmadığını izah etməyə çalışdığını bildirib. "Rusiya iqtisadi baxımdan artıq İtaliyadan kiçik, İspaniyadan azca böyükdür. İqtisadi artımı 1 faizdən azdır, faiz dərəcəsi 20 faizdən yüksəkdir, ehtiyatları isə tükənib", deyə o əlavə edib.
Stubb qeyd edib ki, Trampın beynəlxalq münasibətlərə baxışı XIX əsr “böyük güclər” dövrünə bənzəyir. Onun fikrincə, Avropa ABŞ-ı inandırmalıdır ki, azad ticarət və ümumi qaydalar, ikitərəfli sövdələşmələrdən daha üstündür. "Biz göstərməliyik ki, Avropa təhlükəsizliyin təminatçısıdır, yalnız istehlakçısı deyil", deyə Finlandiya prezidenti bildirib.
Samir