Yeni Papa evlilik haqqında nə düşünür? - "Yalnız kişi və qadın..."

DÜNYA
16:45 / 19.05.2025
87

Roma Papası XIV Lev bazar günü baş tutan taxta çıxma mərasimindən əvvəl aydın şəkildə bildirib ki, onun fikrincə, ailə kişi və qadından ibarət olmalıdır. 

HİT.az xəbər verir ki, Vatikanın təxminən yüz nəfərlik diplomatik korpusu qarşısında çıxış edərkən o, uşaqların eynicinsli və ya kvir valideynlər tərəfindən böyüdüldüyü bütün ailə modellərini rədd edib. Öz müraciətində o, həmçinin eynicinsli cütlüklər və övladlıqlarından ibarət alternativ ailələrin bu gün televiziya proqramlarında və kinoda bu qədər rəğbətlə təsvir olunmasından narazılığını ifadə edib.

Hələ Avqustin ordeninin baş prioru olarkən Robert Frensis Prevo (indiki XIV Lev) homoseksual həyat tərzini katolik təlimi ilə uyğunsuz adlandırmışdı. Gay və lezbiyanların katolik kilsəsinə daha çox daxil olması uğrunda mübarizə aparan təşkilatlar yeni Papanın sözlərini məyusluqla qarşılayıblar. Onlar ümid edirdilər ki, XIV Lev Papa Fransiskin inklüziv siyasətini davam etdirəcək. Tənqidlər, o cümlədən ABŞ və Almaniyadan gəlib. Məsələn, katolik LGBT+Komite-nin həmsədri Markus Gutflyaş BILD-ə verdiyi müsahibədə bildirib:

"Papa Lev öz müraciətlərində kvir katoliklər üçün də mesaj verməlidir. Axı, öz-özünə aydındır ki, lezbiyan və gay cütlüklərində, həmçinin göy qurşağı ailələrində sevgi, sədaqət, məsuliyyət və qayğı xristian anlayışına tam uyğun şəkildə həyata keçirilir".

Gutflyaş ümid edir ki, Papa nəhayət kvir insanlara qarşı ayrı-seçkiliyi aradan qaldırmaq üçün katolik təliminin inkişafına təkan verəcək.

XIV Levin sələfi Papa Fransisk ibadət xaricində eyni cinsli cütlüklərin bərəkətləndirilməsinə icazə vermişdi, lakin bu, katolik kilsəsi daxilində tənqidlərə səbəb olmuşdu.

Samir

0