Qərb kəşfiyyat: Müharibə bitdikdə Putin daha da təhlükəli olacaq

DÜNYA
19:54 / 19.05.2025
44

"Ukraynada döyüş əməliyyatları bitərsə, bizim üçün təhlükə daha da artacaq".

HİT.az xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur "Bild"ə müsahibədə bildirib. 

Pevkur deyib ki, təxminən 800 min rus əsgəri atəşkəs halında evlərinə göndərilməyəcək, əvəzində yeni əmrlər alacaq. Kəşfiyyat orqanları da onunla razıdır. 

"Bild"ə məlum olub ki, atəşkəs halında Qərb kəşfiyyatı Rusiyanın qoşunlarını Ukraynadan tez bir zamanda Finlandiya və Norveç sərhədlərinə, həmçinin Baltikyanı ölkələrə və Belarusiya istiqamətinə - yəni demək olar ki, Polşa sərhəddinə yerləşdirməsindən qorxur.

Kəşfiyyat xidmətlərinin fikrincə, bu barədə artıq planlar hazırlanıb və Rusiya son aylarda müvafiq infrastrukturu da hazırlayıb. Onları həyata keçirməyə hal-hazırda yalnız Ukraynadakı müharibə mane olur.

"Bild"in mənbəsi iddia edir ki, əgər atəşkəs yaxın gələcəkdə baş versə və Rusiya onun etibarlı olduğuna əmin olsa, "Qərb-2025" təlimləri çərçivəsində qoşunlarını Belarusa köçürə bilər. Mənbə xatırladır ki, Rusiya 2021-ci ildə Belarusda hərbi manevrləri Ukrayna sərhədləri yaxınlığına ordu yerləşdirmək üçün bəhanə kimi istifadə edib. Bu dəfə mümkün hədəflər Litva və ya Polşa ola bilər.

Mənbə qeyd edir: "Əlbəttə, hamımız Ukraynada sülhün bərpa olunmasını istəyirik. Amma dürüst desək: əgər müharibə davam etsə, "Qərb-2025" sadəcə təlimlər olaraq qalacaq, çünki əsas qüvvələr başqa yerdə məşğul olacaq. Əgər müharibə Rusiyanın şərtləri ilə başa çatsa, 'Qərb' bizə qarşı yeni bir müharibənin başlanğıcına çevrilə bilər".

Digər bir Qərb məmuru da "Bild"ə açıqlama verib: "Rusiya zəifliyi yeni işğallar üçün imkan kimi qiymətləndirir. Gürcüstandan sonra Krım, sonra Donbas, daha sonra isə bütün Ukrayna gəldi. Əgər biz Putina işğal etdiyi əraziləri saxlaya biləcəyini bildirsək, o, özü üçün daha böyük yeni hədəf seçəcək".

Samir
 

0