Britaniya kəşfiyyatı: Rusiyanın rəhbərləri ölkədəki orta ömür həddindən yaşlıdır

DÜNYA
17:17 / 19.05.2025
46

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın ali rəhbərliyinin yaş strukturuna dair yeni məlumat yayıb. 

HİT.az xəbər verir ki, nazirliyin X platformasında paylaşdığı kəşfiyyat məlumatlarına əsasən, Rusiya dövləti getdikcə gerontokratiyaya – yəni ölkə əhalisinin böyük hissəsindən daha yaşlı olan şəxslər tərəfindən idarə olunan rejimə çevrilir.

Analitiklərin məlumatına görə, Rusiya rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti – o cümlədən 72 yaşlı Vladimir Putin – 2023-cü ildə ölkədə kişilər üçün təyin olunmuş orta ömür həddinə (təqribən 68 yaş) çatmış və ya onu keçib.

Kəşfiyyat qeyd edir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi və keçmiş müdafiə naziri Sergey Şoyqunun hərbi müqaviləsi daha beş il – 2030-cu ilə qədər uzadılıb. Həmin vaxt Şoyqu artıq 75 yaşında olacaq. Bildirilir ki, Putinin yaxın silahdaşı olan Şoyqu bu il 9 mayda Moskvada keçirilən Qələbə Günü hərbi paradında iştirak etməyib. Səbəb isə ürək problemləri ilə bağlıdır.

Britaniya kəşfiyyatı vurğulayır ki, Putin yaxın tərəfdarlarını hakimiyyətdə saxlamaqla rejimin sabitliyini və eyni zamanda şəxsi təhlükəsizliyini təmin etməyə çalışır. Bu vəziyyət siyasi sistemdə “patronaj” – yəni şəxsi sədaqətə əsaslanan təyinatların üstünlük təşkil etdiyini göstərir.

Bu yanaşma, mütəxəssislərin fikrincə, istedad və bacarıq əsasında irəli çəkilməyi əngəlləyir və gənc, ambisiyalı liderlər arasında narazılıq və məyusluq doğurur.

Məlumatda o da qeyd olunur ki, mövcud idarəetmə strukturu qərarların effektivliyini və məqsədəuyğunluğunu zəiflədir. Hakimiyyətin əsas fiqurları, Putinə illərlə sədaqət göstərmiş və bu sistemdən ən çox fayda görən şəxslərdir. Nəticədə idarəetmədə səriştə deyil, loyalizm üstünlük qazanır.

Samir

0