Günəş sistemindən kənarda səyahətini davam etdirən "Voyager 1" kosmik zondunun 20 il əvvəl sıradan çıxmış mühərrikləri uzun fasilədən sonra ilk dəfə yenidən işə salınıb.
HİT.az xəbər verir ki, 1977-ci ildə buraxılan və hazırda Yer kürəsindən təxminən 24,4 milyard kilometr (15,14 milyard mil) uzaqda olan "Voyager 1", insan tərəfindən hazırlanmış ən uzaq məsafəyə çatan kosmik aparat hesab olunur. Bu tarixi missiya, əkizi olan "Voyager 2" ilə birlikdə, günəş sisteminin sərhədlərini keçmiş ilk insan mənşəli obyektlər arasında yer alır.
"Voyager 1"in qarşıdakı iki il ərzində səssizliyə bürünəcəyi bir dövr başlanır. Bunun səbəbi, NASA-nın dərin kosmosdan siqnallar qəbul etdiyi böyük radio antenalarının texniki xidmət və modernizasiya işlərinə cəlb edilməsidir. Rabitə tamamilə kəsilməmişdən əvvəl NASA mühəndisləri əvvəllər nasaz kimi qeydə alınmış əsas dönüş mühərriklərini yenidən işə salmaq üçün vacib bir addım atıblar.
Bu mühərriklər, kosmik aparatın istiqamətini və antenasını Yerə doğru yönəltməkdə həyati rol oynayır. Normal şəraitdə, əsas mühərriklər sıradan çıxdıqda ehtiyat mühərriklər devreye girirdi. Lakin son həftələrdə aparılan sınaqlarda təxminən 20 ildir fəaliyyət göstərməyən əsas mühərriklərdən biri yenidən işlədilib.
"Voyager 1"in əsas dönüş mühərrikləri 2004-cü ildə baş verən enerji itkisinə görə istifadə olunmurdu. O vaxtdan bəri kosmik aparat yalnız ehtiyat mühərriklər vasitəsilə istiqamətləndirilirdi. Lakin mühəndislər, yaxınlaşan antena texniki xidmət işləri öncəsi ehtiyat mühərriklərin kifayət edib-etməyəcəyindən əmin olmadıqları üçün köhnə mühərrikləri sınaqdan keçirməyə qərar verdilər. Nəticə isə NASA komandası üçün böyük bir sürpriz oldu: 20 il fəaliyyətsiz qalmış mühərrik yenidən işləməyə başladı.
İndi əsas sual budur: bu mühərriklər qarşıdakı iki il ərzində "Voyager 1"in kursunu saxlamaq üçün yetərli olacaqmı? Rabitə bərpa edildikdə bu həyati testin nəticələrini öyrənmək mümkün olacaq.
"Voyager 1"in bu gözlənilməz "oyanışı", dərin kosmos missiyalarında mühəndisliyin nə qədər davamlı və qabaqcadan düşünülmüş olmasının zəruriliyini bir daha nümayiş etdirir. NASA-nın ehtiyat və əsas mühərriklər arasında keçid etməsi, illərdir aparılan dəqiq işin nəticəsidir. Hər bir mühərrikin Yer kürəsindən milyardlarla kilometr uzaqlıqda belə yenidən işə salına bilməsi, kosmik tədqiqatlarda insan zəkasının və əzminin simvolu kimi qiymətləndirilir.
Növbəti iki il ərzində "Voyager 1" ilə rabitə məhdud olacaq. Lakin bu mərhələ başa çatdıqda, aparatın əsas sistemlərinin fəaliyyəti və yeni məlumatlar böyük maraqla gözləniləcək.
Samir