Rumıniya seçki qalmaqalı: Durov ifadə verməyə hazır olduğunu deyir

DÜNYA
10:18 / 21.05.2025
47

Telegram messencerinin həmtəsisçisi Pavel Durov Rumıniyada keçirilən prezident seçkilərinə iddia edilən müdaxilə cəhdi ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib.

HİT.az xəbər verir ki, ifrat sağçı Rumıniya İttifaqı Uğrunda Alyans Partiyasının lideri George Simion ölkənin Konstitusiya Məhkəməsini xarici müdaxilələrə görə prezident seçkilərini ləğv etməyə çağırıb. 

Prezidentliyə namizədin dediyinə görə, seçkidə pozuntulara dair sübutlar var: "Nə Fransanın, nə Moldovanın, nə də başqasının başqa dövlətin seçkilərinə müdaxilə etmək hüququ yoxdur. Bütün rumınlara: təcili olaraq Konstitusiya Məhkəməsinə müraciət edərək, nəticələrin ləğv edilməsini xahiş edin. Biz təslim olmayacağıq və xəyanət etməyəcəyik! Bu, böyük qələbənin yalnız başlanğıcıdır!".

Durov bu postu X mikrobloqunda təkrar yerləşdirərək bu sözləri yazıb: "Rumıniya demokratiyasına kömək edərsə, gəlib ifadə verməyə hazıram".

Politico-nun məlumatına görə, mayın 12-də Paris prokurorluğu Telegram-ın təsisçisinə "investisiya fondları ilə danışıqlar aparmaq" üçün ABŞ-a getməyə icazə verməyib. Onlar belə qənaətə gəliblər ki, bu səfər lazımlı və əsaslı görünmür.

Xatırladaq ki, əvvəlki prezident seçkiləri müəyyən edilmiş pozuntulara görə ləğv edilmişdi. Birinci turun qalibi o zaman ifrat sağçı namizəd Kalin Georgiesku olub, lakin Rusiyanın genişmiqyaslı təsir kampaniyasını göstərən kəşfiyyat məlumatlarının dərcindən sonra Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini ləğv edib.

İkinci tur seçkilərində müstəqil namizəd və Buxarest şəhərinin meri Nikusor Dan 53,6% səs toplayaraq qalib gəlib. 46,4% səs toplayan Simion əvvəlcə məğlubiyyətini etiraf etsə də, sonradan saxtakarlıq etdiyini bildirib.

Telegram-ın qurucusu Durov bildirib ki, o, Qərbi Avropa hökumətindən, böyük ehtimalla Fransadan Rumıniyada mühafizəkar səslərin platformada məhdudlaşdırılmasını tələb edən müraciətlər alıb. Fransa bu ittihamları rədd edib. 

Durov Fransada Telegram-da məzmunun kifayət qədər moderasiya edilməməsi səbəbindən cinayət fəaliyyətinə kömək etməkdə şübhəli bilinərək istintaqa cəlb olunub.

Samir

0