İngiltərədə bir ailə 1 milyon funt-sterlinq dəyərində tikdikləri evlərin söküləcəyini öyrəniblər.
HİT.az xəbər verir ki, "LADBible"in məlumatına görə, Kembricşir qraflığında yaşayan yaşlı cütlük, təsdiq edilmiş "at sperması toplama klinikası" layihəsi yerinə yaşayış binası tikdikləri üçün 1 milyon funt sterlinq dəyərindəki evlərinin sökülməsi əmri alıblar.
Mənbələrə görə, Ceremi və Elayn Zeylinski 2014-cü ildə Cənubi Kembricşir Bələdiyyəsindən at yetişdirmə mərkəzi və laboratoriya kimi fəaliyyət göstərəcək iki mərtəbəli bina tikmək üçün icazə almışdılar. Layihəyə görə, birinci mərtəbədə qəbul otağı, ofis, mətbəx, laboratoriya və tualetlər, ikinci mərtəbədə isə işçilər üçün iki yataq otağı və vanna otaqları nəzərdə tutulmuşdu.
Ancaq əvəzinə cütlük Qreyt-Ebinqdon ərazisində 17 akr torpaq üzərində 3 yataq otağı olan tam yaşayış binası tikib orada məskunlaşıblar. Yoxlamadan sonra yerli hakimiyyət nümayəndələri binanın açıq-aydın yaşayış məqsədi daşıdığını - mətbəx adaşı, ev üçün nəzərdə tutulmuş interyer və digər məişət detallarının binanın yaşayış məqsədi güddüyünü təsdiq ediblər.
2023-cü ildə rəsmilər qanunsuz tikintinin sökülməsi barədə əmr veriblər. Cütlük klinikaya çevirmək təklifi ilə apellyasiya vermişdisə də, planlaşdırma inspektoru Kris Preston "binanın əslində yaşayış üçün tikildiyini" qeyd edərək müraciəti rədd edib.
Elayn jurnalistlərə etiraf edib ki, qaydaları pozduqlarını bilmirmişlər: "Biz burada qalmaq istəyirik. Bu isti və rahat evdir. Mən onu sevirəm. Onu sökməyin heç bir mənası yoxdur. Əgər bizi qovsalar, dövlətdən asılı olacağıq".
Ailə iddia edir ki, qaydaların pozulması barədə məlumatı "paxıl qonşularından" biri verib. Hazırda cütlük evlərinin taleyini həll edə biləcək növbəti hüquqi addımları gözləyir.
Samir