Rusiya öz döyüş təyyarələrinə nüvə döyüş başlıqları ilə təchiz edilmiş "hava-hava" tipli raketlər quraşdırmaq qərarına gəlib.
HİT.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (DIA) "Qlobal təhlükələr"ə həsr olunmuş yeni sənədində məlumat verilib.
"Rusiya nüvə qüvvələrini genişləndirir, o cümlədən "hava-hava" tipli nüvə raketləri və yeni nüvə sistemləri kimi imkanlar əlavə edir", deyə ABŞ mütəxəssisləri bildiriblər.
"Hava-hava" tipli nüvə raketləri Soyuq müharibə dövründə Sovet İttifaqının arsenalının bir hissəsi olsa da, Rusiya Hərbi Hava Qüvvələrində onların hazırkı statusu uzun müddət naməlum qalıb.
Hesabatda Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar nüvə ritorikasından istifadəsi qısa şəkildə təsvir edilib və qeyd olunub ki, Moskva nüvə silahından yalnız rejimin təhlükəsizliyinə ekzistensial təhdid olduğu qərarına gəldikdə istifadə edə bilər.
"The War Zone" portalının mütəxəssisləri hesab edirlər ki, "nüvə raketi" ifadəsi ilə R-37M və ya onun xüsusi bir variantı nəzərdə tutula bilər.
R-37 "hava-hava" tipli uzaq mənzilli (rusların iddiasına görə 300 km) raket kimi təqdim olunur. İxrac versiyasında onun mənzili 200 km ilə məhdudlaşa bilər.
Bu raket MiQ-31BM qırıcıları, həmçinin Su-35S və Su-30SM2 çoxməqsədli qırıcıları tərəfindən istifadə edilə bilər. Bəzi mənbələrdə, Rusiyanın 5-ci nəsil təyyarə hesab etdiyi Su-57 qırıcısının silahlanmasına da inteqrasiya oluna biləcəyi qeyd edilib.
Məlumdur ki, raket son mərhələdə aktiv radiolokasiya özünüidarəetmə sistemindən istifadə edir ki, bu da onu xüsusilə təhlükəli edir.
Məlumdur ki, ruslar Ukraynaya qarşı müharibədə R-37M-dən aktiv şəkildə istifadə edirlər ki, bu da Ukrayna aviasiyasının hərəkətlərini ciddi şəkildə məhdudlaşdırır.
Samir