İnflyasiya Türkiyənin kurortlarında turizmi öldürür

DÜNYA
11:45 / 23.05.2025
58

Avropalılar arasında uzun illərdir yay istirahəti üçün ən populyar istiqamətlərdən biri olan Türkiyə, çox vaxt Yunanıstan kimi daha bahalı kurortlara nisbətən "büdcəyə uyğun alternativ" kimi qiymətləndirilirdi. 

HİT.az xəbər verir ki, lakin "Daily Express" nəşrinin yazdığına görə, son bir il ərzində ölkədə qiymətlərin kəskin artması nəticəsində turistlər narazılıq bildirirlər. Bununla yanaşı, bəziləri daha sakit və sıxlıqdan uzaq istirahətin müsbət tərəflərini də qeyd edir.

Məsələn, "suzannatravelsolo" adlı "TikTok" istifadəçisi 2025-ci ilin may ayının əvvəlində paylaşdığı videoda ötən ilə qədər gur və izdihamlı olan Marmaris kurortunun bu il demək olar ki, boş qaldığını göstərib: "Bu mənəm çimərlikdə və burada heç kim yoxdur... Saat 11-dir və yalnız bir oğlan var".

Daha sonra o, şəhər gəzintisinə çıxaraq oxşar mənzərəni Marmarisin məşhur barlar küçəsində - gecə klublarının yerləşdiyi rayonda da müşahidə etdiyini qeyd edib: "Bu məşhur bar küçəsidir. Bilmirəm, bəlkə dünən axşam fərqli olub, amma indi vəziyyət belədir".

Bu video sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bir çox istifadəçilər Türkiyəyə səfərin qiymətinin çox bahalaşdığını təsdiqləyib:

* "İnsanlar bunu artıq qarşılayacaq vəziyyətdə deyil, hər şey çox bahalaşıb".

* "Keçən il bu vaxtlar orada idim, çoxlu adam vardı. Bahalı qiymətlər hamını səfərdən çəkindirir".

* "Artıq çox bahadır, insanlar İspaniyaya gedir. Mən əvvəllər hər il Marmarisə gedirdim, amma bu qiymətlərlə getməyəcəyəm".

* "Marmarisdə qiymətlər dəli kimi artıb. Yaşayış xərcləri böhranı hər yerdə var, amma orada menyular və içkilərin qiymətlərini forumlarda gördüm. Artıq ora getmirəm".

* "Bu, Türkiyəyə getmədiyim ilk ildir. Artıq büdcəyə uyğun deyil. Bunun əvəzinə Yunanıstana gedirəm".

Bununla belə, bəzi şərhlərdə qeyd olunub ki, həmin gün Marmarisdə havanın tutqun və yağışlı olması, eləcə də videonun əsas turizm mövsümündən əvvəl çəkilməsi kurortun boş görünməsinə səbəb ola bilər. İstifadəçilər ümid edirlər ki, iyun ayından etibarən vəziyyət dəyişəcək və sahillər yenidən turistlərlə dolacaq.

"Statista" analitiklərinin hazırladığı hesabatda bildirilir ki, Türkiyədə qiymət artımına bir neçə əsas səbəb var.

"Ölkədə daxili istehsalçı qiymət indeksləri davamlı şəkildə artır, bu da bütün istehlak malları və xidmətlərinin qiymətinə təsir edib. Beləliklə, 2022-ci ildən etibarən istehlak qiymətləri indeksində (İQİ) bütün məhsul qruplarında ciddi artım müşahidə olunub. Ən yüksək inflyasiya isə ərzaq və alkoqolsuz içkilər kateqoriyasında qeydə alınıb. Bu məhsullar 2023-cü ildə Türkiyə ailələrinin xərclərində ən böyük paya malik olub", - hesabatda deyilir.

Analitiklər onu da qeyd edirlər ki, inflyasiyanın müəyyən qədər səngiməsinə baxmayaraq, ərzaq məhsullarının qiymətləri artmaqda davam edir. Məsələn, 2024-cü ilin noyabr ayında ərzaq qiymətləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 48,6% artıb.

Türkiyə hökuməti isə turizmi stimullaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirməyə çalışır. Bunlar arasında qiymət artımının qarşısının alınması, turizm təkliflərinin genişləndirilməsi və infrastruktur layihələrinə sərmayə qoyuluşu yer alır.

Samir


 

0