Rusiya ilə Ukrayna arasındakı danışıqlar nəticə verəcək? - AÇIQLAMA

DÜNYA
10:24 / 23.05.2025
61

"İndiki vəziyyətdə Rusiya ilə Ukrayna arasında hansısa real nəticənin əldə olunacağını düşünmürəm".

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya faktiki olaraq müharibəni uzatmaq istəyir:
"Kreml maksimum şəkildə müharibəni uzadaraq istədiklərinə nail ola biləcəyini düşünür. Çünki Ukrayna hazırda zəif vəziyyətdədir və ordusu müqavimət göstərə bilmir. Həmçinin, ABŞ də Kiyevə yardımları dayandırıb. Avropa İttifaqının isə yardımı kifayət etmir. Belə bir halda rəsmi Moskva Kiyevə qarşı öz iddialarını genişləndirmək istəyir".

Ekspert qeyd edib ki, Rusiya bundan sonra da yeni ərazilər işğal edəcəyindən və Ukraynanın bununla razılaşacağından əmindir:
"Digər tərəfdən müharibənin bitməsi Ukraynaya sərf etmir. Çünki müharibəbin dayanması Prezident Volodimir Zelenskinin siyasi ambisiyalarının və karyerasının bitməsi deməkdir. Nəzərə almaq lazımdır ki, ağır şərtlərlə Zelenskinin sülh müqaviləsinə imza atması suallar doğuracaq. Bu isə Zelenskinin özünə problemlər yaradacaq.

Həmçinin, Ukraynanın yeganə müttəfiqi olan Avropa İttifaqına Rusiyaya qarşı hazırlaşmaq üçün minimum 1 il vaxt lazımdır. Ona görə də Avropa İttifaqı ən azından daha 1 il müharibənin davam etməsini istəyir". 

Onun sözlərinə görə, Kiyev qlobal qüvvələr və ABŞ-nin əvvəl-axır Rusiyanın sülh istəmədiyini anlayacağını ümid edir:
"Ukrayna yenidən ABŞ-nin dəstəyini qazansa, daha uğurlu nəticələr əldə edə bilər. Əslində, ABŞ Prezidenti Donald Tramp 3 həftə ərzində Rusiyadan yaxşı təklif gözlədiyini açıqlayıb. Əgər Moskva uyğun təklif verməsə, ona qarşı daha şiddətli sanksiyalar tətbiq oluna biləcəyi deyilir. 

Tramp isə hələ ki, Ukraynanın onun məsələsi olmadığını deyir və Rusiyanı sülhə məcbur etmək istəyir. Hesab edirəm ki, sanksiyalar tətbiq olunacağı halda belə Rusiya sülhə hazır deyil. Sadəcə çox ciddi sanksiyalar tətbiq olunsa, Rusiya atəşkəsə məcbur olacaq. Əks halda, nə Kiyev, nə də Moskva könüllü şəkildə müharibəni dayandıracaq". 

Pərviz

0