Dünyanın bir çox yerində enerji böhranı və elektrik kəsintiləri ilə bağlı sui-qəsd nəzəriyyələri yayılmaqda davam edərkən, Amerika Birləşmiş Ştatlarının enerji infrastrukturu daxilində gizli şəkildə yerləşdirilmiş Çin istehsalı rabitə cihazları aşkar edilib. Bu isə potensial casusluq və sabotaj təhlükələrinə dair ciddi suallar doğurur.
HİT.az xəbər verir ki, ABŞ-da keçirilən rutin bir yoxlama zamanı mühəndislər günəş enerjisi üçün nəzərdə tutulmuş invertoru açarkən gözlənilməz bir kəşf ediblər. Əvvəlcə hər şey normal görünürdü, lakin cihazın dərinliyində təlimat kitabçalarında qeyd olunmayan kiçik bir rabitə modulu aşkarlanıb. Bu Çin istehsalı olan gizli qurğunun nə sənədlərdə adı keçirdi, nə də təyinatı bəlli idi.
Son bir il ərzində oxşar hallar da qeydə alınıb. Davam edən araşdırmalarda Çin istehsalı günəş invertorları və batareya sistemlərini araşdıran mütəxəssislər bir neçə dəfə bu cür gizli komponentlərlə qarşılaşıblar. Bu isə bəzi analitiklərə görə, İsrailin "Hizbullah" üzvlərinin istifadə etdiyi çağrı cihazlarına istehsal zamanı partlayıcı yerləşdirməsinə bənzər bir yanaşmadır. Çin də oxşar şəkildə ABŞ və digər ölkələrə göndərdiyi enerji avadanlıqlarına gizli komponentlər yerləşdirməyə başlamış ola bilər.
Bu komponentlər adətən uzaqdan idarə edilə bilən rabitə funksiyasına malikdir və ABŞ-da, eləcə də digər ölkələrdə elektrik şəbəkələrinin təhlükəsizliyi üçün ciddi risklər yaradır.
Hazırda tədqiqatçılar bu cihazların əsas məqsədinin sabotaj ola biləcəyini düşünürlər. ABŞ Enerji Nazirliyi bu komponentlərin əlaqələndirilmiş bir təhlükə ilə bağlı olduğunu rəsmən təsdiqləməsə də, davam edən risk qiymətləndirmələrinin aparıldığını etiraf edib.
Çinin ABŞ elektrik sisteminə sabotaj ehtimalı
Perde arxasında isə narahatlıq artır. Mütəxəssislərdən biri mediaya bildirib ki, bu cihazlar potensial olaraq "şəbəkəni fiziki cəhətdən sıradan çıxarmaq" üçün istifadə edilə bilər. Bu ehtimalla bağlı ilk real dəlillər 2024-cü ilin sonunda bir neçə ölkədəki invertorların Çin tərəfindən uzaqdan deaktiv edildiyi barədə xəbərlər yayıldıqda ortaya çıxmışdı.
ABŞ-ın Çinlə ehtimal edilən bir münaqişə vəziyyətində, Çin tərəfinin sadəcə bir düyməyə basmaqla bu gizli cihazları işə salaraq ABŞ-da genişmiqyaslı enerji kəsintilərinə səbəb ola bilməsi narahatlıq doğurur. Bu səbəbdən ABŞ artıq dərin araşdırmalara start verib.
Samir