Rusiyanın məşhur VTB-nin rəhbəri Andrey Kostin yenidən medianın diqqətindədir.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ-da çirkli pulların yuyulmasında, maliyyə fırıldaqlarında və anti-Rusiya sanksiyalarından yayınmaqda ittiham olunan ən nüfuzlu rus bankirlərindən birini 20 il həbs gözləyə bilər. Kostin ittihamları "əhəmiyyətsiz" adlandırır, amma məsələnin ciddi olduğunu Rusiyanın maliyyə dairələrdə hamı anlayır.

ABŞ Ədliyyə Departamentinin məlumatına görə, Kostin sanksiyaya məruz qaldığı 2018-ci ildən bəri dəyəri 135 milyon dollardan çox olan iki yaxta və Kolorado ştatının Aspen şəhərində 12 milyon dollarlıq malikanə əldə edib. Bu sxemin reallaşmasında ona kömək edən "Otkritie Bank”ın keçmiş sahibi Vadim Volfson və ABŞ vətəndaşı Qannon Bondun 2024-cü ilin fevralında həbs ediliblər.
Bununla belə, danışıqlara bələd olan mənbələrə görə, Kostin lobbiçiləri vasitəsilə ittihamları yumşaltmağın yollarını axtarır. 2025-ci ildə Vaşinqtonda administrasiya dəyişikliyi bankirə razılaşmaya ümid yaradıb. "Vaşinqton Rusiyanın aktivlərinə görə ikinci ən böyük bankı olan VTB-nin rəhbərini təzyiq altında saxlamağın sərfəli olmadığına qərar verə bilər", - vəziyyətlə tanış olan mənbə belə deyib.

Bu versiyanı Kostinin 2025-ci ilin martında CNN telekanalına müsahibəsi də təsdiqləyir. Lakin ittihamların miqyasına görə məsələ mürəkkəbdir. ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə prokurorluğunun məlumatına görə, Kostin 2018-ci ildən 2022-ci ilə qədər yaxtalara və daşınmaz əmlakla bağlı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktını pozaraq dollar əməliyyatları aparıb. VTB 2023-cü ildə 432 milyard rubl rekord gəlir əldə etməsinə baxmayaraq, sanksiyalar altında qalır. Ekspertlərə görə, Kostinin ABŞ-ın maliyyə dairələri ilə anlaşacağı şanslar zəif görünür, çünki bu iş ətrafında həddindən artıq siyasi səs-küy yaranıb.
Qeyd edək ki, rusiyalı bankir uzun müdətdir ki, azərbaycanlı teleaparıcı Nailə Əsgərzadə ilə birgə yaşayırlar. Onların da adları korrupsiya qalmaqalında hallanır.
Məsələn, son jurnalist araşdırması zamanı məlum olub ki, VTB-nin rəhbəri qeyri-qanuni yolla əldə etdiyi vəsaitlərlə Nailə Əsgərzadəyə çox bahalı hədiyyələr edir, onun adına rəsmiləşdirir.

Araşdırmanın müəllifləri qeyd edirdilər ki, oğurlanmış vəsaitlərin həqiqi miqyasını yalnız təxmin etmək olar. "Dövlət bankından Andrey Kostinin cibinə nə qədər vəsait axdığı barədə təxminləri onun Nailə Əsgərzadənin adına keçirdiyi Razdorı kəndindəki 1 torpaq sahəsinin qiyməti (3 milyard rubldan artıq) əsasənda qurmaq olar. Andrey Kostinin Nailə Əsgərzadəyə verdiyi hədiyyələrə diqqət etdikdə, onlara çox böyük pullar xərcləndiyi aydın olur. Çünki o, başqa şeylərlə yanaşı, Əskərzadəyə məşhur Rublevkada 250 milyon rubla ev, "Novaya Ostojenka" elit yaşayış kompleksində iki mənzil, 4 milyard rublluq "Sea&Us" yaxtası, 60 milyon dollara "Bombardier Global 6000" reaktiv təyyarəsini də hədiyyə edib” araşdırmada deyilir.