İspaniya may ayının sonunda növbəti dəfə ekstremal istilərə hazırlaşır.
HİT.az xəbər verir ki, "The Guardian" nəşrinin yazdığına görə, ölkənin cənub bölgələrində havanın temperaturunun +40°C-yə çatacağı proqnozlaşdırılır ki, bu da mövsümi normadan 10°C-dən çox yüksəkdir. Bu cür hava şəraiti sonuncu dəfə üç il əvvəl müşahidə edilmişdi. Həmin vaxt bəzi bölgələr ölkə tarixində ən isti may ayını yaşamışdı və Sevilya hava limanında +41°C qeydə alınmışdı.
İspaniya Milli Meteorologiya Xidməti "Aemet"in nümayəndəsi Ruben del Kampo bildirib:
"May ayının son həftəsində, xüsusilə çərşənbə günündən başlayaraq, Pireney yarımadasının əksər hissəsində yay ortasına xas olan yüksək temperatur müşahidə olunacaq. Bəzi cənub bölgələrdə temperatur +40°C-ni keçəcək, gecələr isə bu bölgədə və Aralıq dənizi sahillərində temperatur +20°C-dən aşağı düşməyəcək. Biz bu mövsüm üçün normaldan 5–10 dərəcə yüksək maksimum temperaturdan danışırıq. Cümə axşamı bəzi bölgələrdə bu fərq 10 dərəcədən də çox ola bilər".
Del Kampo bu istilərin səbəbi kimi Pireney yarımadası üzərindəki yüksək təzyiq sahələrini göstərib. Onun sözlərinə görə, bu hava kütlələri “səmanın aydın, günəşli və buludsuz” olmasını təmin edir. Eyni zamanda, Şimali Afrikadan gələn quru və isti hava kütlələri də temperaturun kəskin artmasına səbəb olur.
Ən yüksək temperaturun İspaniyanın cənub-şərq bölgələrində, mərkəzi hissələrində və şimal-şərqdə yerləşən Ebro vadisində müşahidə olunacağı gözlənilir. Həftənin ən isti iki günü – ehtimal ki, cümə axşamı və cümə günləri – mərkəzi və şimal bölgələrdə temperaturun +35°C, Andalusiyada Qvadalkivir çayı boyunca isə +40°C-yə çatacağı bildirilir.
İsti hava şəraitinin ən azı şənbə gününə qədər davam edəcəyi gözlənilir. Həmin gün atmosfer qeyri-sabitliyi nəticəsində səmada buludluluq, tozlu hava kütlələri və temperaturun azalması mümkündür.
Qeyd edək ki, İspaniyada tarixdə qeydə alınmış ən yüksək temperatur 2021-ci ilin avqust ayında Andalusiyanın Montoro şəhərində müşahidə olunub – +47,4°C.
"Aemet"in 2022-ci ildə apardığı bir araşdırma göstərib ki, son 71 ildə İspaniyada və Balear adalarında +30°C-lik günlərin başlama vaxtı orta hesabla 20-40 gün əvvələ çəkilib.
“Yay baharı udur”, deyə həmin vaxt del Kampo "El Pais" qəzetinə bildirib və temperatur artımını "iqlim dəyişikliyinin birbaşa və hiss olunan nəticəsi" adlandırıb.
O əlavə edib: “İspaniyada artıq əvvəlki kimi iqlim yoxdur. İqlim daha ekstremal xarakter alıb.”
Samir