Rusiyanın hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən keçirilən əməliyyat nəticəsində 53 yaşlı "qanuni oğru" Aleksey İvanov (Lyoşa Moskovski) saxlanılıb.
Hit.az Rusiya mənbələrinə istinadə xəbər verir ki, əməliyyat Moskvanın yeni inzibati ərazisində (Yeni Moskva) həyata keçirilib. Eyni vaxtda Nijni Novqorodda İvanovla əlaqəli olduğu güman edilən cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı xüsusi əməliyyat aparılıb. Nəticədə 18 nəfər şübhəli şəxs saxlanılıb və onların hamısına qanunsuz qumar biznesinin təşkilində ittiham irəli sürülüb. Saxlanılan şəxslərdən altısı, o cümlədən İvanov barəsində həbs-qətimkan tədbiri seçilib.
İvanov uzun müddət kriminal iyerarxiyadakı statusunu gizlətməyə çalışıb. Məlum olub ki, o, hələ 1997-ci ildə Qutaisi mənşəli "qanuni oğru" Dato Sebiskveradze tərəfindən "taclandırılıb". Lakin bu barədə məlumatlar yalnız son bir il ərzində üzə çıxıb. Qeyd olunur ki, İvanov 2007-ci ildə də hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşmüşdü, lakin o zaman statusunu təsdiqləməkdən yayınaraq məsuliyyətdən yayına bilmişdi.
Bu dəfə də o, statusu ilə bağlı suallardan yayınmağa çalışıb. Lakin əməliyyatçılar hesab edirlər ki, İvanov bir neçə regionu əhatə edən geniş miqyaslı qanunsuz qumar şəbəkəsinin başında dayanırdı.
Abbas