Rio-de-Janeyronun məşhur Kopakabana çimərliyi üçün sərt qaydalar tətbiq olunur. Turistlərin çoxu üçün bu çimərliklər samba musiqisinin hər tərəfdən eşidildiyi, küçə satıcılarından alınan "kaypirinya" kokteylləri və qum üzərindəki stullar ilə assosiasiya olunur. Lakin yaxın vaxtlarda bu rahat və əyləncəli atmosferə rast gəlmək çətinləşə bilər - əgər satıcıların rəsmi icazələri olmayacaqsa.
HİT.az "Associated Press"ə istinadən xəbər verir ki, may ayının ortalarında Braziliyanın ikinci ən böyük şəhərinin meri Eduardu Paes şəhərin sahil zolağı üçün yeni qaydalar müəyyən edən fərman imzalayıb. Mer bildirib ki, bu tədbirlər şəhər qaydasını, ictimai təhlükəsizliyi və ətraf mühiti qorumaqla yanaşı, turistlərlə yerli sakinlər arasında dinc münasibətlərin təşviqinə yönəlib.
Yeni qaydalar 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək və icazəsiz şəkildə qida və içki satışı, stul icarəsi, səsgücləndirici cihazlardan istifadə və hətta canlı musiqini qadağan edir. Bundan başqa, çimərlik köşklərinə yalnız nömrə verilməsi planlaşdırılır; hazırda bir çoxu yaradıcı adlarla tanınsa da, bu da ləğv olunacaq.
Lakin şəhər sakinləri arasında bu qaydaların qəbulu birmənalı deyil. Bəziləri bu qərarı çimərliklərdəki xaotik fəaliyyəti nizama salmaq istiqamətində müsbət addım hesab edir, digərləri isə bu fərmanın Rio çimərlik mədəniyyətinə və yerli musiqiçilərlə satıcıların güzəranına ciddi zərbə vurduğunu deyirlər – çünki bir çoxu üçün rəsmi icazə almaq çətin və ya mümkün deyil.
“Rio-de-Janeyronu bossanova və ya çimərlikdə samba olmadan təsəvvür etmək çətindir. Dünya ‘Ipanemalı qız’ mahnısını oxuyarkən, biz onu çimərlikdə ifa edə bilməyəcəyik,” – deyə köşklərdə DJ kimi çalışan Xulio Trindade şikayətlənib.
“Orla Rio” təşkilatının nümayəndəsi isə bildirib ki, musiqiyə qoyulan bu məhdudiyyətlər “sahil xəttinin ruhunu susdurmaqla yanaşı, Rio-nun demokratik, musiqili, parlaq və orijinal atmosferini zəiflədir”.
Bununla yanaşı, küçə satıcılarının hüquqlarını müdafiə edən MUCA hərəkatının rəhbəri Mariya de Lurdes du Karmu qeyd edib ki, meriya çimərlik satıcılarına kifayət qədər icazə vermir: “Bizə icazələr lazımdır, amma verilmir.”
Əks tərəfdə isə 65 yaşlı Kopakabana sakini Mariya Lusiya Silva meriyanın addımını dəstəkləyir: “Kopakabana – yaşlılar üçün bir rayondur… Heç kim yüksək əmlak vergisi və ya absurd kirayə haqqı ödəyib bu qədər xaosa dözmək istəmir,” – deyə o, çimərlikdəki səs-küy və çirklənməni tənqid edib.
53 yaşlı Uels sakini Rebekka Tompson isə əksinə düşünür. O, ötən il beş həftəlik səfərdən sonra yenidən Rioya qayıtdığını və bu çimərlik xaosunun yerli cazibənin bir parçası olduğunu deyib: “Orada canlılıq, enerji var. Mən həmişə orada güclü bir icma və qəbul hissi yaşamışam. Bu itərsə, çox kədərli olar.”
Hazırda fərmana qarşı çıxanlar onun qüvvəyə minməsinin qarşısını almaq və ya heç olmasa dəyişdirilməsini təmin etmək üçün yollar axtarır, xüsusilə də canlı musiqiyə icazə tələb olunmaması üçün. Lakin bu səylər hələlik nəticə verməyib.
Eyni zamanda, keçən həftə Rio meriyasında çimərliklər və sahil ərazilərinin istifadəsini tənzimləyən yeni qanun layihəsi müzakirə olunub. Bu layihə qum üzərində səsgücləndiricilərdən istifadəyə qoyulan məhdudiyyətləri dəstəkləsə də, canlı musiqi üçün icazə tələbini ehtiva etmir. Layihə hələ səsverməyə çıxarılmayıb və iyunun 1-dən əvvəl qəbul olunub-olunmayacağı məlum deyil. Əgər qəbul olunarsa, mer fərmanı üzərində üstünlüyə malik olacaq.
Rio meriyasının 2022-ci il hesabatına əsasən, köşklər, barlar və restoranlar istisna olmaqla, Rio çimərliklərindəki iqtisadi fəaliyyət illik təxminən 4 milyard real (təxminən 710 milyon ABŞ dolları) gəlir gətirir. Hər il milyonlarla yerli və əcnəbi turist Rio çimərliklərini ziyarət edir və bu rahat atmosferdən zövq alır.
Samir