Rimini - italyanların ənənəvi sevimli sahil kurortudur və indi xarici turistlər üçün daha əlçatan olur.
HİT.az xəbər verir ki, "Independent" qəzetinin yazdığına görə, Adriatik dənizini əhatə edən yol boyunca uşaqlı ailələri, əl-ələ gəzən yaşlı cütləri görmək olar. Şəhərdə səhər gəzintiləri üçün ideal olan, alaqaranlıq düşəndə isə canlı gecə məkanına çevrilən piyadalar üçün "dəniz parkı" var.
Qəzet qeyd edir: "Bir zamanlar yol və avtomobil dayanacağı olan yer, indi dəniz dalğaları kimi əyilmiş 15 kilometrlik yoldur".
Bu yol boyunca təxminən 150 çimərlik klubu, həmçinin restoranlar, parklar, idman zalları və daha çoxu sıralanıb.
Lakin, sahildən kənara çıxıb daxili hissəyə tərəf velosiped sürsəniz, nağıllardan çıxmış kimi görünən, parlaq rəngli və qəribə pəncərə şəbəkəli binalar görə bilərsiniz. Bu, çay kənarında masaları olan restoranları ilə məşhur olan Balıqçı kəndi – Borco San Culianodur.
Daha məşhur italyan istiqamətlərindən fərqli olaraq, Riminiyə təkrargəlməyin səbəbi onun qonaqpərvərliyidir. Məsələ ondadır ki, turistlər burada qonaq kimi deyil, şəhərin həqiqi həyatının bir hissəsi kimi hiss edirlər.
"Nud e Crud"da pyadina (yumşaq, təzə lavaş) dadına baxmaq olar: pomidor, mozzarella və reyhan (9.90 avro) kimi müxtəlif dolğular arasından seçim edə bilərsiniz. Desert üçün isə, məsələn, tiramisu (6 avro) sifariş edə bilərsiniz.
Yaxınlıqdakı küçələrdə rejissor Federiko Fellini və onun filmlərindəki personajların təsvir olunduğu bir neçə divar rəsmi (freska) var. Bu şəhərdə doğulmuş rejissora həsr olunmuş iki muzey var. Onlardan birində şəkillərin oyununu seyr edərək yelləncəkdə otura və ya "Şirin Həyat" filmindən Anita Ekberqin canlandırdığı Silviya personajının nəhəng heykəli olan divanda istirahət edə bilərsiniz.
Fellini ilə bağlı Riminidə bir başqa görkəmli bina isə 1908-ci ildə tikilmiş "Grand Hotel Rimini"dir, məşhur rejissor burada qalırdı.
Otelə bitişik restoranda balıq və dəniz məhsulları salatı, enginar və kalmarla dəniz lavrağı, marakuya ilə limon-şokolad musu (əsas yeməklərin qiyməti təxminən 26 avro) təqdim olunur.
Şəhərdə səkkiz UNESCO abidəsi, italyan şairi Dante Aligyerinin məzarı və yeni bir muzey – Bayron Muzeyi yerləşir. Bu muzey lord Bayronun 1819-1821-ci illərdə sevgilisi Tereza Qamba və onun əri Alessandro Qukçoli qrafı ilə birlikdə yaşadığı Quççoli Sarayında yerləşir.
Muzeydən bir neçə dəqiqəlik piyada məsafədə VI əsrə aid səkkizguşəli San Vital bazilikası var. O, təsir edici və fövqəladə dərəcədə yaxşı qorunmuş şüşə mozaikalara ev sahibliyi edir.
Samir