Böyük Britaniya hökumətinin “yüksək riskli” araşdırma layihələrini maliyyələşdirmək üçün qurduğu Qabaqcıl Tədqiqatlar və İnnovasiyalar Agentliyi (Advanced Research and Invention Agency - ARIA) tərəfindən irəli sürülən günəş geomühəndisliyi proqramı elm və siyasət dairələrində ciddi mübahisələrə səbəb olub.
HİT.az xəbər verir ki, agentlik iqlim dəyişikliyini yavaşlatmaq məqsədilə təbiətə müdaxilə edən “günəşi qaraltma” layihələrinə 57 milyon funt sterlinq ayırıb.
Günəş geomühəndisliyi nədir?
Günəş geomühəndisliyi – nəzəri olaraq Yer səthinə çatan günəş işığını azaldaraq qlobal istiləşməni yavaşlatmağı hədəfləyən texnologiyalar toplusudur. ARIA-nın maliyyələşdirdiyi layihələr arasında ən çox diqqət çəkəni, atmosferin stratosfer qatına yansıdıcı aerozollar buraxaraq temperaturu süni şəkildə azaltmaq və bu yolla vulkan püskürməsi təsirini təqlid etmək ideyasıdır.
Digər nəzərdən keçirilən fikirlər arasında buludların əks etdiriciliyini artırmaq üçün modifikasiya olunması və kosmosa böyük güzgülərin yerləşdirilməsi kimi yanaşmalar da var.
Dünyanın ən böyük günəş jeomühəndisliyi investoru
ARIA-nın yeni proqramı çərçivəsində dünyada 21 günəş jeomühəndisliyi layihəsinə sərmayə qoyulması planlaşdırılır. Bundan əlavə, Böyük Britaniya Tədqiqat və İnnovasiya Qurumu tərəfindən ayrıca 10 milyon funt sterlinqlik proqramla birlikdə ölkə bu sahədə dünyanın ən böyük maliyyələşdiricilərindən biri kimi ön plana çıxır.
ARIA bu proqramın əsas səbəbi kimi “təhlükəli iqlim həddi nöqtələri ilə üz-üzə qalma ehtimalını” göstərib. Təyin olunmuş 57 milyon funt sterlinqin təxminən 24,5 milyonu “idarə olunan, kiçik miqyaslı açıq hava təcrübələri”nə ayrılacaq.
Bu təcrübələr arasında:
* Arktik dəniz buzunu qalınlaşdırmaq,
* Avstraliyadakı Böyük Sədd Rifində buludların parlaqlığını artırmaq,
* Stratosferə təbii minerallarla dolu hava şarları göndərmək planlaşdırılır.
Bu hava şarlarının bir neçə saat və ya həftə ərzində geri qaytarılması nəzərdə tutulur. Bütün açıq hava təcrübələri, Lids Universitetindəki Priestley İqlim Gələcəkləri Mərkəzinin təsisçisi və aparıcı iqlim alimlərindən olan professor Pirs Forster rəhbərliyindəki komitə tərəfindən yaxından izlənəcək.
Elm adamlarının və cəmiyyətin narahatlıqları
Bir çox alim, bu texnologiyaların ehtiyatla aparılmalı olduğunu bildirir. Onların əsas narahatlıqlarından biri budur ki, əgər aerozol buraxılması qəfil dayandırılarsa (məsələn, siyasi böhran və ya terror hücumu səbəbilə), dünya “ani sonlandırma şoku” riski ilə üzləşə bilər. Bu, birdən-birə temperaturun kəskin artmasına səbəb ola və canlılar üçün fəlakətli nəticələr doğura bilər.
Hesablamalara əsaslanan bəzi modellər göstərir ki, yalnız Şimal yarımkürəsindən aerozol buraxılması Hindistan və Afrika Səhil bölgəsində yağıntının azalmasına, bunun nəticəsində isə quraqlıq riskinin artmasına səbəb ola bilər. Bu, texnologiyanın qlobal ədalətsizliyə yol aça biləcəyini göstərir.
Sosial və etik tərəddüdlər
Elm adamları və fəallar günəş jeomühəndisliyinin yalnız elmi deyil, eyni zamanda sosial, etik və idarəetmə baxımından da ciddi problemlər doğura biləcəyini vurğulayırlar. Bəzi tənqidçilər bu cür müdaxilələrin təbiətin balansına zidd olduğunu və fosil yanacaq səbəbli iqlim fəlakətlərini texnologiya ilə “aradan qaldırma” cəhdlərinə qarşı olduqlarını bildirirlər.
"The Guardian" qəzetinə yazan iqlim alimləri professor Reymond Pierrehumbert və doktor Maykl Mann bu cür layihələri “xərçəng üçün aspirin istifadə etmək” kimi təsvir ediblər. Yerli icmalar isə günəş jeomühəndisliyini təbiətlə harmoniyada yaşama inancına zidd hesab edərək bu cür təcrübələrə qarşı çıxırlar.
Bəzi elm adamları bu texnologiyaların araşdırılmasının iqlim dəyişikliyinə qarşı “asan texnoloji həll” olaraq qəbul ediləcəyindən və bu səbəbdən karbon emissiyasını azaltmaq üzrə verilən sözlərin unudulacağından ehtiyat edirlər.
ARIA – “gizli” dövlət qurumu
ARIA, 2023-cü ildə Böyük Britaniya parlamenti tərəfindən təsis olunub və “yüksək risk, yüksək gəlir” prinsipi ilə işləyən dövlət elmi araşdırma orqanıdır. Bu qurumun yaradılması sabiq baş nazir Boris Consonun mübahisəli keçmiş müşaviri Dominik Kamminqs tərəfindən təklif edilmişdi. “The Daily Telegraph” qəzeti ARIA-nı “gizli dövlət qurumu” adlandırsa da, qurum günəş jeomühəndisliyi proqramı ilə bağlı şəffaflıq prinsipinə sadiq olduğunu bildirir.
Samir