Nyu-York prokurorları hindistanlı milyarder Qautam Adani ilə bağlı təhqiqata başlayıb. Onun şirkətləri ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda şübhəli bilinir.
HİT.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.
Prokurorlar cənab Adaninin şirkətlərinin "Adani Ports & SEZ Limited" şirkətinə məxsus Mundra limanı vasitəsilə İranın mayeləşdirilmiş neft qazını Hindistana idxal edib-etmədiyini araşdırır. “The Wall Street Journal”ın özünün yazdığına görə, Qautam Adaninin şirkətlərinə məxsus tankerlər Mundra ilə Fars körfəzi arasında müntəzəm olaraq üzürdü. Eyni zamanda, qəzetin araşdırması müəyyən edib ki, onların davranışı tez-tez sanksiyalardan yayınmağa çalışan gəmilərə xas xüsusiyyətlər nümayiş etdirir.
Şirkət sözçüsü WSJ-yə bildirib ki, “Adani sanksiyalardan yayınmaqda və ya İran mənşəli mayeləşdirilmiş neft qazının ticarətində hər hansı qəsdən iştirakını qəti şəkildə rədd edir: "Bundan əlavə, ABŞ hökumətinin bu məsələ ilə bağlı hər hansı araşdırma aparmasından xəbərimiz yoxdur".
Bu, hindli milyarderin ABŞ səlahiyyətliləri tərəfindən araşdırılması ilk dəfə deyil. Noyabr ayında ABŞ Ədliyyə Departamenti və ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) Qautam Adani, onunla əlaqəli şirkətlər və qohumları da daxil olmaqla bir neçə biznes tərəfdaşına qarşı fırıldaqçılıq və korrupsiya ittihamları irəli sürüb.
Samir