Antarktidada kilometrlərlə buz altında gizlənmiş dağ zirvələri aşkar edildi

DÜNYA
19:30 / 02.06.2025
78

Alimlər Antarktida buzlaqları altında gizlənən qədim və sərt relyefin geoloji keçmişini araşdıraraq maraqlı nəticələrə gəliblər. ABŞ-ın Viskonsin-Okşkoş Universitetindən geoloq Timoti Polsenin və Kolorado Universitetindən termoxronoloq Ceff Benovitsin rəhbərlik etdiyi araşdırma, Transantarktida dağlarının dərinliklərində yerləşən təməl süxurların geoloji tarixini gün üzünə çıxarıb. 

HİT.az xəbər verir ki, tədqiqat "Earth and Planetary Science Letters" jurnalında dərc olunub.

Transantarktida dağları Şərqi və Qərbi Antarktidanı bir-birindən ayıran 3500 km uzunluğunda bir dağ silsiləsidir. Onun zirvələrinin hündürlüyü 4500 metrə qədər çatır. Polsenin sözlərinə görə, bu silsilə əvvəllər "böyük antarktik qorst" adlandırılırdı və bu gün Şərqi Antarktida buz qalxanının sərhədini təşkil edir.

Araşdırma göstərib ki, bu təməl süxurlar yüz milyonlarla illik mürəkkəb geoloji tarixə malikdir. Onlar qədim, sabit Şərqi Antarktida kratonunu daha aktiv və gənc Qərbi Antarktida rif sistemi zonasından ayırır. Yeni məlumatlar göstərir ki, bu dağlar əvvəllər düşünüldüyündən daha aktiv geoloji keçmişə malik olub: onlar bir neçə dəfə dağəmələgəlmə, yüksəlmə və sonradan eroziya dövrləri ilə formalaşıb. Bütün bu proseslər Yer qabığında baş verən böyük tektonik dəyişikliklərlə və keçmiş buzlaşma dövrləri ilə əlaqələndirilir.

Alimlər magmatik süxurlardakı mineral taxılları təhlil edərək bu süxurların temperatur və zamanla bağlı inkişafını müəyyən ediblər. Benovitsin sözlərinə görə, Transantarktida təməl süxurlarının zaman-məkan üzrə təkamülü buzlaqların formalaşmasına və onların dəyişməsinə dair vacib ipucları verə bilər.

Tədqiqat nəticəsində süxurların tərkibində qədim qayaların olmadığı eroziya səthləri də aşkar edilib. Bu səthlər bir neçə ardıcıl dağəmələgəlmə və eroziya mərhələsinin izləridir. Əlavə olaraq, bu dəyişikliklərin Antarktidanın tektonik sərhədlərində baş verən böyük plitə hərəkətləri ilə üst-üstə düşdüyü qeyd olunub. Həmçinin, təxminən 300 milyon il əvvəl baş vermiş böyük buzlaşma dövrünə dair əlavə sübutlar da əldə edilib.

Araşdırma Antarktidanın topoqrafiyasının keçmişdə dramatik şəkildə dəyişdiyini və bu dəyişikliklərin sonrakı buzlaşma dövrlərinə də təsir etdiyini ortaya qoyur. Eyni zamanda, Şərqi Antarktida buz qalxanının altında yerləşən və hələ də birbaşa müşahidə olunmayan qədim dağ silsiləsi də diqqət mərkəzinə çəkilib. Alimlər bu geoloji strukturun 500 milyon ildən artıq müddət əvvəl formalaşdığını ehtimal edirlər.

Bu nəticələr, Antarktidanın qədim tektonik tarixi və ümumilikdə materiklərin geoloji zaman miqyasında necə formalaşdığını anlamaq baxımından böyük əhəmiyyət daşıyır.

Samir

0