Moskva Kiyevə hansı cavabı verəcək? - EHTİMALLAR

DÜNYA
09:26 / 03.06.2025
508

"Ukraynanın həyata keçirdiyi "Hörümçək toru" əməliyyatı həqiqətən də unikal əməliyyat idi". 

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu əməliyyat müasir döyüş taktikalarında asimmetrik müharibənin gücünü bir daha sübut etdi:

"Beləliklə, mürəkkəb, bahalı sistemlərin nisbətən ucuz və çevik texnologiyalar qarşısında o qədər də davamlı və güclü olmadığı ortaya çıxdı. Yəni bu əməliyyat müasir müharibələrin yeni reallıqlarını göstərmək baxımından da bir nümunə oldu. 

"Hörümçək toru" əməliyyatdan sonra Rusiyanın itkiləri özünün strateji bombardımançı təyyarələrini maksimum qorumaq üçün daha ucuz təyyarələrə keçid etməyi diqtə edir. Çünki onlar, "Su" tipli təyyarələrin sıradan çıxması və vurulması halında bu qədər böyük itkilərlə üzləşməyəcəklər".

374940

Ekspert Rusiyanın Ukraynaya hansı cavabı verə biləcəyindən də danışıb:

"Rusiyanın bu əməliyyata cavab verməsi üçün özünün hava hücumundan müdafiə sistemlərini daha geniş ərazidə yenidən bölüşdürməsinə ehtiyacı var. Bu isə o deməkdir ki, Rusiyaya indi daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. 

Yəni Moskva yenə də başqa ölkələrə müraciət etmək məcburiyyətində qalacaq. Həmçinin, bu cür hücumların qarşısında dayanmaq və daha tez cavab verə bilmək üçün mobil hava hücumdan müdafiə qruplarını da aktivləşdirməyə ehtiyac var".

Politoloq hesab edir ki, Kreml növbəti mərhələdə bu addımları da atmaq məcburiyyətində qalacaq:

"Nəzərə almaq lazımdır ki, artıq hər iki tərəf bu illər ərzində bir-birinin zəif və üstün cəhətlərini kifayət qədər yaxşı bilirlər. Bu səbəbdən də bir-birlərinə qarşı adekvat mübarizə metodları hazırlayırlar. 

Rusiya uzun müddət havada güclü oldu və bombardımançı təyyarələri ilə Ukrayna ərazilərini məhv etdi. Lakin rəsmi Kiyev uzun müddətdən sonra belə bir yol tapdı və əməliyyatlarla qarşı tərəfə böyük mənada ziyan vura bildi".

Rəşad Bayramovun sözlərinə görə, indi həmlə sırası Rusiyadadır:

"Moskva hakimiyyəti həm sadaladığım, həm də başqa addımları ata bilər. Ümumiyyətlə, müharibədə hücumlardan qorunmaq üçün yeni taktikaların müəyyənləşdirilməsi vacibdir. Əslində, elə orduların gücü də məhz belə hücumlara qarşı nə qədər effektiv vasitələr tapıb, istifadə etməsindən görünür".

Pərviz

0