Keçən il Almaniyada xüsusən də Rusiyayönlü və İsrail əleyhinə qrupların haker hücumları səbəbindən kibercinayətkarlıq rekord həddə çatıb.
HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Federal Kriminal Polis İdarəsi (BKA) məlumat yayıb.
Almaniya hökuməti kibercinayətkarlıqla mübarizə tədbirlərini gücləndirəcəyini bildirib.
Almaniyanın daxili işlər naziri Alexander Dobrindt çərşənbə axşamı 2024-cü il üçün kibercinayətkarlıq vəziyyəti ilə bağlı hesabatın təqdimatı kontekstində deyib: "Kibercinayətlər təhlükəsizliyimiz üçün artan təhdiddir. O, getdikcə aqressivləşir, lakin bizim əks tədbirlərimiz də peşəkarlaşır".
Hesabata görə, ötən il Almaniyada 131 391 kibercinayət hadisəsi olub, daha 201 877 fakt xaricdən və ya naməlum yerdən törədilib. Alman saytlarına haker hücumlarının əsasən Rusiyayönlü və ya İsrail əleyhinə qruplar tərəfindən həyata keçirildiyini bildirən BKA, hədəflərin daha çox dövlət və federal qurumlar olduğunu bildirib.
Qeyd olunur ki, cinayətkarlar fidyə tələb edərək məlumatları kopyalayıb şifrələdikdə əsas təhlükələrdən biri ransomware olaraq qalır. 2024-cü ildə 950 şirkət və qurum belə hallar barədə məlumat verib.
Almaniyanın "Bitkom" rəqəmsal assosiasiyası ötən il Almaniyada kiberhücumlardan itkilərin 178,6 milyard avro təşkil etdiyini bildirib ki, bu da əvvəlki illə müqayisədə 30,4 milyard avro çoxdur.
Dobrindt qeyd edib ki, hökumət kibercinayətkarlıqla mübarizə üçün hüquqi səlahiyyətləri genişləndirməyi və şirkətlər üçün daha yüksək təhlükəsizlik standartları təyin etməyi planlaşdırır.
Samir