Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski arasında yaxın zamanda görüş keçirilməsi planlaşdırılmır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bu barədə danışıb. O, belə bir görüşün keçirilməsini "çətin" adlandırıb:
"Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında yaxın zamanda görüşün keçirilməsi çətin ki, mümkün olsun. Putin təmaslar ideyasını dəstəkləyir, lakin hesab edir ki, onlar yaxşı hazırlanmalıdır".
Qeyd edək ki, Rusiya Prezidenti çox uzun müddətdir Ukrayna lideri ilə görüşməkdən imtina edir. Maraqlıdır, Putin nə üçün Zelenski ilə görüşmək istəmir?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Hit.az-a açıqlama verib. O bildirib ki, Putin Zelenskini özünün tərəf müqabili saymır:
"Putinin fikrinə görə, Zelenski onunla görüşməyə layiq bir şəxs deyil. Üstəlik, Rusiya lideri Ukraynanı da dövlət kimi qəbul etmir. O, açıqlamalarında belə bir dövlətin olmadığını deyir. Kreml rəhbəri həmçinin Zelenskini legitim prezident hesab etmir. Gah onun müddətindən artıq vəzifədə qaldığını, gah da prezident seçkilərinin keçirilməli olduğunu deyir".
Ekspert digər səbəblərdən də bəhs edib:
"Putin həm də Zelenskini neonasist adlandırır. Yəni Rusiya Prezidenti onun tutduğu mövqeni özünə uyğun görmür. Əlbəttə ki, burada Zelenskinin daha əvvəl Putinin əleyhinə işlətdiyi ifadələr və tutduğu mövqe də mühüm rol oynayır. Bütün bunları nəzərə alan Vladimir Putin ukraynalı həmkarı ilə görüşmək istəmir".
Politoloq xatırladıb ki, Zelenski görüş üçün dəfələrlə Putinə müraciət edib:
"Hətta müharibə başlayanda belə Zelenski Putinə görüşməyi təklif verdi. Lakin bu təklif qəbul olunmadı. Düşünürəm ki, Putin yaxın zamanda da Zelenski ilə görüşməyi qəbul etməyəcək.
Məsələn, Ukrayna lideri birinci İstanbul görüşü ərəfəsində "Mən orada olacağam, gəl, 1 aya atəşkəs imzalayaq" kimi fikirlər səsləndirdiyinə görə bu görüş baş tutmadı. Çünki Putin onun çağırışını ciddi qəbul etmədiyini göstərdi. Belə olan halda, Zelenskinin açıqlamalarının yenə də nəticə verməyəcəyi gözlənilir".
Pərviz