Fransız qırıcıları Qara dəniz üzərində Ukraynanın gerbini "çəkdi" - Güclü həmrəylik nümayişi

DÜNYA
10:55 / 05.06.2025
87

Fransaya məxsus Mirage 2000 qırıcı təyyarələri Qara dəniz üzərində unikal nümayiş uçuşu həyata keçirib.

Hit.Az-ın yerli mediaya istinadən məlumatına görə, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bu uçuşun özəlliyi onun trayektoriyasında olub: təyyarələr Ukraynanın milli rəmzi olan trizub – üçdiş formasında hərəkət ediblər.

“Bu marşrut "Flightradar24" kimi ictimaiyyətə açıq uçuş izləmə platformalarında dərhal diqqət çəkdi”, - deyə Ukrayna Hərbi Hava Qüvvələri qeyd edib.

Foto açıqlamasında isə bildirilir: “Bu jest Ukraynaya dəstək, həmrəylik və strateji tərəfdaşlığın göstəricisidir. Ukrayna üçün bu, sadəcə simvolik bir addım deyil – beynəlxalq dəstəyin və müttəfiqlərimizin hərəkətə keçməyə hazır olduqlarının sübutudur”.

"Mirage"lar Ukraynada

Xatırladaq ki, ötən il Fransa Prezidenti Emmanuel Makron Ukraynaya "Mirage 2000" qırıcılarının göndəriləcəyini açıqlamışdı. Əvvəlcə bu təyyarələrin 2024-cü ilin sonunda təhvil verilməsi planlaşdırılırdı.

Lakin bu ilin 6 fevral tarixində Fransa müdafiə naziri Sebastyen Lekornu ilk döyüş təyyarələrinin artıq Ukraynaya çatdığını təsdiqləyib.

Daha sonra, martın 7-də Ukrayna Hərbi Hava Qüvvələri Mirage qırıcılarının ilk dəfə Rusiya raketləri və dronlarına qarşı Ukrayna hava məkanının müdafiəsində istifadə olunduğunu açıqlayıb.

Nuri

0