1337-ci ildə Londonda günorta vaxtı küçələrin birində keşiş Con Ford qətlə yetirilib. Maraqlıdır ki, yeni araşdırmalara əsasən, bu hadisə təsadüfi yox, qəsdən planlaşdırılmış qisas aktı olub.
Qaynarinfo xəbər verir ki, kriminoloq və tədqiqatın müəllifi Manuel Eysnerin "Interesting Engineering"ə verdiyi məlumata görə, bu, İngiltərə aristokratiyasının aparıcı simalarından birinin sifarişi ilə həyata keçirilmiş planlı qətl olub. Qətli törədənlər isə Fordun ailə üzvləri və yaxın ətrafı olub. Bu isə motivin qisas olduğunu göstərir.
Eysner XIV əsrə aid məhkəmə sənədlərindəki zorakı ölümləri araşdırıb. Onun fikrincə, Fordun qətli xüsusi diqqət çəkir: bir tərəfdən işdə yüksək rütbəli şəxslər iştirak edib, digər tərəfdən isə bu, Londonda orta əsrlərin ən qanlı cinayət nöqtələrindən biri olan Vestçipdə - bazarları, tavernaları və tez-tez baş verən qanlı olayları ilə tanınan ərazidə baş verib.
Kriminoloq əlavə edib: "Bu hadisə rüşvət, qisas və İngiltərə kilsəsi ilə zadəganlar arasında gərginliyin hekayəsidir. Fordun qətli mafiya üslubunda, orta əsrlər qatillərinin əli ilə icra edilib və bu, kilsənin gücünün necə sarsıldığını göstərir".
Fordun adı 1332-ci ilə aid bir məktubda, arxiyepiskop Saymon Mefam tərəfindən yazılmış sənəddə çəkilir. Məktubda zadəgan qadın Ela Fitspeyn bir sıra əlaqələrdə, o cümlədən Fordla münasibətlərdə ittiham olunub.
Ehtimallara görə, Ford Ela Fitspeyini arxiyepiskopa ifşa etməklə özünü xilas etməyə çalışıb. Bununla da onların münasibətləri pozulub və məsələ ictimai qalmaqala çevrilib. Eysner hesab edir ki, Ela Fitspeyn arxiyepiskop tərəfindən ictimai şəkildə rüsvay olunub və bu da onu qisas almağa vadar edib: "Xüsusilə də ona görə ki, Con Ford, görünür, kilsə tərəfindən cəzasız qalıb".
Fordun qətli 1337-ci il mayın 3-ü axşam baş verib. Dua etdikdən sonra evə dönən Fordu həmkarı olan digər bir keşiş söhbətə tutub. Elə bu zaman dörd nəfər müqəddəs Pavel kilsəsinin yaxınlığında ona hücum çəkib. Onlar Fordun boğazını uzun xəncərlə kəsib və bir neçə bıçaq zərbəsi ilə qarın nahiyəsindən yaralayıblar.
Beş il sonra yalnız bir hücumçuya qarşı ittiham irəli sürülüb. Qalanları, o cümlədən Ela Fitspeyn heç vaxt məhkəmə qarşısına çıxmayıb.
Fordun işi göstərir ki, orta əsrlərdə ədalət məfhumunun sərhədləri var idi - xüsusilə də cinayətlər zadəganları əhatə edəndə. Araşdırmaçılar düşünür ki, Vestçip təsadüfən seçilməyib. Məkan, zadəganların ruhanilər üzərində hələ də gücə sahib olduqları mesajını vermək üçün seçilib.
Eysner sonda vurğulayıb: "Fordun gündüz vaxtı, insanların gözü qarşısında qətlə yetirilməsi bu gün Rusiyada və ya Meksikada gördüyümüz siyasi qətlləri xatırladır".