Tarixin ən dağıdıcı epidemiyası: "Qara ölüm" - 30 milyondan çox insan niyə öldü?

DÜNYA
14:34 / 09.06.2025
44
Əsrlər boyu, xüsusilə Avropada olmaqla, dünyanı bürüyən və 30-40 milyondan çox insanın həyatına son qoyan vəbanın arxasındakı həqiqət indi üzə çıxır. Alimlər bu görünməz düşmənin təkamülünü addım-addım izləyərək bəşər tarixinin ən qaranlıq dövrlərindən birinə işıq salıblar. Bəs bu ölümcül bakteriya necə sağ qala bildi və nə üçün bu qədər dağıdıcı oldu?
 
Qaynarinfo xəbər verir ki, orta əsrlərdə Avropa küçələrini qaranlıq bir səssizlik bürümüşdü. Kilsə zəngləri fasiləsiz çalınır, qəbirqazanlar durmadan çalışır, insanlar ümidsiz şəkildə dua edirdi.
 
Görünməz bir düşmən bədənləri tez bir zamanda zəiflədir, şəhərləri boşaldır və sivilizasiyanın inkişafını dayanma nöqtəsinə gətirir. Bu düşmən tarixə "Qara ölüm" adı ilə düşən vəba idi.
 
"Qara ölüm" bəşər tarixində qeydə alınmış ən ölümcül epidemiya olaraq qalmaqdadır. 14-cü əsrin ortalarında başlayan bu fəlakət Avropa, Qərbi Asiya və Afrikada milyonlarla insanın həyatına son qoyub.
 
Yalnız Avropada əhalinin təxminən yarısı bir neçə il ərzində məhv olub. Sosial nizam çökdü, iqtisadi strukturlar sarsıldı və insanlıq dərin bir travma yaşayıb.
 
 
Epidemiyanın genetik şifrəsi açılır
 
Müasir genetik tədqiqatlar bu dağıdıcı epidemiyanın uzunmüddətli təsirlərini daha yaxşı anlamağa kömək edir. Məlum olub ki, Yersinia pestis bakteriyasındakı tək bir gen zamanla təkamül edərək daha davamlı və qalıcı hala gəlib. Bu kiçik genetik dəyişiklik bakteriyanın həm sağ qalmasını, həm də geniş coğrafiyalara yayılmasını təmin edib.
 
Tədqiqatlar pandemiyaların insan cəmiyyətlərinə necə daxil olduğunu, niyə bu qədər ölümcül olduğunu və fərqli virulentlik səviyyələrinin necə ortaya çıxdığını anlamaqda mühüm rol oynayır. Alimlərə görə bu nəticələr gələcəkdə bənzər fəlakətlərin qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır.
 
Kanadadakı MakMaster Universiteti ilə Fransadakı "Pasteur" İnstitutunun apardığı araşdırmanın həmmüəllifi professor Hendrik Poynar bu işin antik bir patogenin zaman içindəki dəyişikliyini birbaşa tədqiq edən və pandemiyaların davamlılığını müəyyən edən genetik amilləri anlamağa çalışan ilk tədqiqatlardan biri olduğunu vurğulayır.
 
 
Vəbanın tarixi yolculuğu
 
Aparılan genetik analizlər Yersinia pestis bakteriyasının zamanla daha az ölümcül hala gələcək şəkildə təkamül etdiyini göstərib. Bu dəyişiklik onun daha uzun müddət yayılmasına şərait yaradıb. Üç böyük vəba pandemiyası bu dəyişimi açıq şəkildə nümayiş etdirir:
 
* Yüstinian vəbası (e.ə. 541–750): Bizans imperiyası dövründə meydana gələn bu ilk böyük pandemiya Aralıq dənizi ətrafında böyük insan itkilərinə səbəb olub.
 
* Qara ölüm (1347–1351): Ən ölümcül dalğa olub, Avropa, Qərbi Asiya və Afrikada 75–200 milyon insanın ölümü ilə nəticələnib.
 
* Üçüncü pandemiya (1855–1959): Çində başlayaraq bütün dünyaya yayılan bu epidemiya bakteriyanın qlobal təhdid olaraq qalmasını sübut edib. Bu gün də Sahraaltı Afrikada izləri qalmaqdadır.
 
Laboratoriya təcrübələrində siçanlar üzərində aparılan testlər bakteriyanın təkamüllə daha az virulent hala gəldikcə infeksiyaların müddətinin uzandığını və yayılma potensialının artdığını sübut edib.
 
 
Vəbanın Avropadakı dəhşətli təsirləri
 
1348-ci ildə "Qara ölüm" Londona çatdıqda, şəhər əhalisinin yarısı 18 ay ərzində həyatını itirib. Küçələr boşalıb, kütləvi məzarlar doldu, kilsələr insanlarla dolub-daşıb.
 
1665-ci ildəki "Böyük vəba epidemiyası" isə şəhəri bir daha diz çökdürüb. Bu dövrdə evlərin qapılarına "Tanrım, bizə mərhəmət et” yazılmış qırmızı xaçlar çəkilir, ailələr evə kilidlənib.
 
Əsrlərlə Avropada davam edən vəba epidemiyalarının siçanlar və onların daşıdığı gənələr vasitəsilə yayıldığı düşünülürdü. Lakin yeni tapıntılar, xüsusilə Şimali Avropa kimi siçanların geniş yayılmadığı bölgələrdə epidemiyaların sürətlə yayılmasının alternativ yoluxma yolları ilə əlaqəli olduğunu ortaya qoyub.
 
O dövrdə insanlar demək olar ki, heç çimmədiyi üçün hər kəsin bədənindəki bit və gənələr bakteriyaların yayılması üçün ideal daşıyıcı halına gəlmişdi. Vəba epidemiyası dövründə istifadə edilən uzun dimdikli maskalar tarixin ən ikonik tibbi simvollarından birinə çevrilib. Bu maskalar vəba həkimlərinin üzünü tamamilə örtür, dimdik hissəyə isə lavanda, mixək, sarımsaq kimi ətirli bitkilər qoyulurdu.
 
 
Bu tətbiqin məqsədi, o dövrdə vəbanın pis qoxularla (miazma nəzəriyyəsi) yayıldığına inandığı üçün, həkimlərin "zəhərli havanı” udmasının qarşısını almaq idi. Maskalar nə qədər təsirli olmasa da, dövrün tibbi acizliyini və qorxu dolu atmosferini əks etdirən simvol olub.
 
Müasir dövrdə əks-sədaları və gələcəyə baxış
 
Bu gün antibiotik müalicəsi sayəsində vəba nəzarət altına alına bilir. Lakin araşdırmalar bu cür epidemiyaların necə inkişaf etdiyini və davamlılıq qazandığını daha dərindən anlamağımıza kömək edir.
 
Tədqiqatın digər aparıcı müəllifi Xavyer Pisarro-Serda bildirir: "Vəba bakteriyası bəşər tarixində bənzərsiz yerə malikdir. Ona görə də bu pandemiyaların necə yayıldığını anlamaq gələcəkdə qlobal təhdidlərin qarşısını almaq baxımından həyati əhəmiyyət daşıyır... Nəhayət, vəbanın nə olduğunu və özümüzü necə müdafiə edə biləcəyimizi daha yaxşı anlamağa başlayırıq".
 
0