Rusiya və Ukrayna arasındakı müharibə niyə mürəkkəb enerji münaqişəsidir?

DÜNYA
17:40 / 10.06.2025
73

"Rusiya ilə Ukrayna arasında davam edən şiddətli müharibənin mühüm enerji aspekti var və bu, gələcəkdə digər silahlı qarşıdurmalar üçün presedent ola bilər".

HİT.az xəbər verir ki, bu barədə "Forbes" yazıb.

Bu münaqişəni enerji müharibəsi adlandırmaq mübaliğə olmaz. Lakin bu, neft, qaz və ya karbon texnologiyaları üçün vacib minerallar uğrunda birbaşa mübarizə anlamına gəlmir. Əksinə, münaqişənin əsas hədəflərindən birinin elektrik stansiyaları, enerji ötürmə xətləri, neft emalı zavodları və oxşar infrastrukturlar olduğu faktı ön plana çıxır.

"Rusiya üçün bu strategiya, ilkin işğalın Kiyevin və Ukraynadakı hakimiyyətin ələ keçirilməsi ilə nəticələnmədiyi andan etibarən formalaşmağa başlayıb. Kreml müharibəni üç əsas istiqamətə yönəldib: mülki əhali, hərbi obyektlər və enerji infrastrukturu. Xüsusilə son iki hədəfə ciddi fokuslanılıb", deyə "Forbes" qeyd edib.

Ukrayna isə yalnız 2024-cü ildə - Qərb dövlətlərinin uzaqmənzilli silahların Rusiya ərazisində istifadəsinə icazə verdikdən sonra - Rusiyanın enerji obyektlərinə zərbələr endirməyə başlayıb. Bundan sonra Ukrayna ordusu neft emalı zavodları və yanacaq anbarlarını hədəfə alıb. Hər iki ölkənin enerji infrastrukturlarına hücum səbəbləri fərqli olsa da, müəyyən məqamlarda üst-üstə düşür.

"Ukrayna yüksək dəyərli yanacaq növlərinin (benzin, təyyarə yanacağı, dizel) istehsal edildiyi və saxlanıldığı obyektlərə - NEZ-lərə və anbarlara hücum edir. Bu yanacaq növləri xam neftlə müqayisədə vahid həcminə görə daha çox gəlir gətirir və Rusiyanın hərbi iqtisadiyyatı üçün mühüm maliyyə mənbəyidir. Moskvanın enerji obyektlərinə hücumları isə Ukraynanın enerji sistemini iflic vəziyyətinə salmaq, əsas xidmətləri çökdürmək və əhalinin gündəlik həyatını daimi çətinliyə çevirmək məqsədi daşıyır. Bu hücumlar xüsusilə payızın sonu və qış aylarında - havaların soyuması ilə - daha intensiv hal alıb", deyə "Forbes" əlavə edib.

Ən əhəmiyyətli hücumlardan biri Kaxovka SES-in bombalanması olub. Bu zaman SES-in bəndi məhv edilib. Eyni zamanda, Rusiya qoşunlarının Zaporojye AES-ə hücumu və obyektin ələ keçirilməsi də böyük rezonans doğurub.

"Ümumilikdə, qəhrəmancasına aparılan təmir səylərinə baxmayaraq, Ukraynanın enerji sisteminin ümumi gücü 50%-dən çox azalıb. Bu arada Moskva qaz kəmərlərinə zərbə vurmaqdan çəkinməyi əmr edib - gələcəkdə qələbə qazanacağı təqdirdə bu kəmərləri Avropaya qaz nəqli üçün yenidən istifadə etməyi planlaşdırır. Gələcəyə gəlincə, Ukrayna iqtisadiyyatının və əhalisinin tam enerji təminatını bərpa etmək və dövlətin tam fəaliyyətini təmin etmək üçün çoxmilyardlıq sərmayələrə ehtiyac yaranacaq", deyə "Forbes" yekunlaşdırıb.

Samir
 

0