"Ermənistan kimi ölkədə siyasi hakimiyyətlə kilsənin gücünün və təsir imkanlarının əhatə dairəsini eyniləşdirmək olmaz".
Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O, son zamanlarda bütün ermənilərin katolikosu II Qaregin və Baş nazir Nikol Paşinyan arasında yaşanılan gərginlik barədə danışıb:
"Sadəcə II Qareginin müxtəlif şərq ölkələrində olan erməni kilsəsinin əlaltıları olan strukturlara müəyyən təsir imkanları ola bilər. Onlar isə Ermənistanda siyasi hakimiyyətin taleyini qəti şəkildə həll edə bilməzlər. Ona görə də II Qaraginin Paşinyana rəqib olmasından söhbət belə gedə bilməz.
Ümumiyyətlə, Paşinyanın hakimiyyət lideri olaraq əlində inzibati imkanlar, təsir rıçaqları, sosial bazası, siyasi partiyası və dövlət strukturları mövcuddur. Təbii ki, kilsə nə qədər güclü olsa belə, bütün bunların qarşısında heç bir müqavimət göstərə bilməz".
Ekspert II Qareginin Paşinyana siyasi rəqib ola biləcəyi ehtimallarına şübhə ilə yanaşıb:
"Paşinyanın istənilən seçkidə və ya rəy sorğusunda II Qaregini tam rahat şəkildə məğlub edəcəyi göz qabağındadır. Hətta indiki şəraitdə müxtəlif ölkələrdən Ermənistanda kilsiyə verilən dəstəklər belə cəmiyyətdə Paşinyanın əleyhinə genişmiqyaslı sosial-siyasi hərəkat yaratmaq gücündə deyil.
Üstəlik, erməni cəmiyyəti və kilsəsi yaxşı bilir ki, II Qaregin artıq başdan-ayağa siyasiləşib. O, dini dəyərlərdən daha çox siyasi maraqlara və siyasi qrupları mənafelərinə xidmət etməyə başlayıb. Belə şəraitdə isə erməni cəmiyyətinin ona din xadimi olaraq, kütləvi və geniş dəstək verəcəyi gözlənilən deyil".
Aydın Quliyevin sözlərinə görə, mövcud şəraitdə Paşinyan istənilən rəqibini üstələmək imkanlarına malikdir:
"Əgər II Qaregin hansısa ölkələrdən dəstək alsa belə, bu dəstək birbaşa onun özünə göstərilməyəcək. Daha dəqiq desək, onu ölkədəki tanınmış siyasi müxalifət partiyaları və liderləri ilə birləşdirəcəklər. Yəni II Qareginə dəstək vermək niyyəti olsa da, bu birbaşa özünə deyil, onunla müttəfiq olan siyasi təşkilatlara göstəriləcək.
Lakin Ermənistanın siyasi həyatında onun açıq şəkildə birləşən siyasi lider və ya partiya yoxdur. Əslində II Qareginin dini qüvvələri təklənmiş və zəif durumdadır. Onun Paşinyana ciddi müqavimət göstərmək üçün belə sosial bazası yoxdur".
Pərviz