250 milyon illik yeraltı şəhərciklər ilk sosial sürünənlərin sirrini açdı

DÜNYA
21:38 / 11.06.2025
72

Cənubi Afrika, Braziliya və Avstraliyadan olan beynəlxalq paleontoloq qrupu Yer üzündəki ilk sosial həyat tərzi sürən sürünənlərin 250 milyon ildən daha qədim izlərini aşkar edib. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Palaeogeography, Palaeoclimatology, Palaeoecology" (3P) elmi jurnalında dərc olunub.

Mütəxəssislər Cənubi Afrikanın Mərkəzi Karu bölgəsində yerləşən qədim süxurlarda müxtəlif yaşlarda sürünənlərin skeletləri ilə dolu mürəkkəb tunel və yuva sistemləri aşkarlayıblar. Araşdırmada qeyd olunur ki, bir yetkin sürünənin skeleti yeraltı kameranın dibində bükülmüş vəziyyətdə, onun üzərində isə bir neçə gənc fərdin sümükləri yerləşib. Tünellərin divarlarında isə xüsusi diqqət çəkən cızıq izləri tapılıb; bu izlər, prokolofon adlanan yarımmetrlik sürünənlərin ön ətraflarının ölçüləri ilə tam üst-üstə düşür.

Bu buynuzvari kəlləli və iti dişli qədim sürünənlər yeraltı həyat tərzinə uyğun unikal xüsusiyyətlərə malik idilər. Güclü ön ətrafları vasitəsilə bir metr dərinliyə qədər tunellər qaza bilir, çətin iqlim şəraitində isə qış yuxusuna gedərək sağ qalmağı bacarırdılar. Onların əsas qida mənbəyi bitkilər olsa da, alimlər onların bəzi hallarda şirin su xərçəngkimiləri ilə də qidalandığını istisna etmirlər.

Bu kəşf, xüsusilə, Yer tarixinin ən böyük fəlakəti sayılan Böyük Perm nəsli kəsilməsindən cəmi bir neçə milyon il sonra baş verdiyi üçün əhəmiyyətlidir. Araşdırmaçılara görə, bu sürünənlərin koloniya halında yaşaması və yeraltı şəhərciklər yaratmaları onların dəyişkən və sərt iqlimə uyğunlaşaraq sağ qalmasını təmin edib.

Tədqiqat müəllifləri bildirirlər: “Bu sürünənlər köhnə yuvaları təkrar istifadə edir, yenilərini isə qazırdılar. Onların bu strategiyası, müasir səhra tısbağalarının davranışlarını təəccüblü dərəcədə xatırladır – baxmayaraq ki, bu canlılar bir-biri ilə qohum deyillər.”

Samir
 

0