İqlim dəyişikliyinin buzlaqları da təsiri altına aldığı bir dövrdə, dünyanın ən böyük adası olan Qrenlandiya buz təbəqəsinin may ayında baş verən isti hava dalğası zamanı orta göstəricidən 17 dəfə daha sürətli əridiyi məlum olub.
HİT.az xəbər verir ki, meteoroloji hadisələri araşdıran "World Weather Attribution" (WWA) təşkilatının yaydığı araşdırmada, Qrenlandiya buz örtüyünün son vəziyyəti təhlil edilib. Bildirilib ki, İslandiya ərazisindəki hava stansiyalarının 84 faizində may ayında rekord istilər qeydə alınıb.
Araşdırmada qeyd edilib ki, Qrenlandiyada buz təbəqəsi may ayındakı isti hava dalğası zamanı orta göstəricidən 17 dəfə daha sürətlə əriyib. İslandiya və Qrenlandiya kimi soyuq iqlimə uyğunlaşmış bölgələrdə belə hava hadisələrinin yalnızca 100 ildən bir təkrar müşahidə oluna biləcəyi vurğulanıb.
Araşdırmaya əsasən, bu il 15 may tarixində İslandiyada temperatur 26 dərəcəni keçib. Bu hal, Şimali Atlantik ölkəsi üçün son dərəcə qeyri-adi hadisə kimi qiymətləndirilib.
Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinə bağlı Copernicus İqlim Dəyişikliyi Xidməti isə 2025-ci ilin may ayının, meteoroloji qeydlərin aparılmağa başlandığı dövrdən bəri dünya üzrə ən isti ikinci may ayı olduğunu açıqlayıb. Qeyd olunub ki, bu ilin may ayında qlobal orta səth temperaturu 15,79 dərəcə olub ki, bu da 1991–2020-ci illərin ortalamasından 0,53 dərəcə, sənaye dövrü öncəsi (1850–1900) ortalamadan isə 1,4 dərəcə yüksəkdir.
Samir