Çindən nəhəng addım: İlk dərin dəniz sınaq sahəsini açdılar

DÜNYA
18:59 / 13.06.2025
74

Çin, dənizçilik sahəsindəki ekspertliyini yeni ölçüyə çatdırmaq məqsədi ilə dərin dəniz tədqiqatlarında istifadə olunacaq müasir sınaq mərkəzləri qurmağa başlayıb. 

HİT.az xəbər verir ki, ölkənin okeanlardakı mövcudluğunu gücləndirməyi hədəfləyən bu addım, strateji baxımdan böyük əhəmiyyət kəsb edən dəniz resurslarına çıxışı asanlaşdırmağı da nəzərdə tutur.

Yeni sınaq mərkəzi, Hainan adası sahillərində, Cənubi Çin dənizindən təxminən 200 kilometr uzaqlıqda yerləşir. Bu zona, dərin dənizlərdə elmi tədqiqatlar aparmaq, yeni nəsil kəşfiyyat avadanlıqları hazırlamaq və bərpa olunan enerji mənbələrini araşdırmaq üçün seçilib. Çinin müxtəlif dəniz bölgələrində qurduğu sınaq kompleksləri şəbəkəsinə əlavə olunan bu yeni bazas, Pekin rəhbərliyinin okeanlarda daha effektiv və müstəqil hərəkət etmə strategiyasının bir hissəsi kimi diqqət çəkir.

Dəniz dibi, elektrikli nəqliyyat vasitələrindən enerji stansiyalarınadək bir çox texnologiyanın əsas komponentləri olan manqan, nikel, kobalt və mis kimi qiymətli minerallar baxımından olduqca zəngindir. Çinin bu sahəyə sərmayə qoyması həm iqtisadi, həm də texnoloji mənada ölkəyə əhəmiyyətli üstünlüklər qazandıra bilər. Lakin mütəxəssislər dərin dəniz dibində aparılacaq mədənçilik fəaliyyətlərinin hazırda iqlim dəyişikliyi və həddindən artıq resurs istifadəsi səbəbilə təzyiqlər yaşayan dəniz ekosistemləri üçün ciddi təhlükə yarada biləcəyinə də diqqət çəkir.

Sınaq mərkəzi təkcə elmi tədqiqatlar üçün deyil; həm də texnologiya inkişafı, avadanlıq sınaqları, sənaye inkubasiya prosesləri və sertifikasiya qiymətləndirmələri üçün əhəmiyyətli mərkəz olmağı hədəfləyir. Mərkəzin ən diqqətçəkən cəhətlərindən biri isə suyun 1000 metr altında yerləşən tədqiqat laboratoriyasını da özündə birləşdirməsidir. Bu laboratoriya vasitəsilə dərin dənizdə istifadə ediləcək yeni texnologiyalar birbaşa öz təbii mühitində sınaqdan keçirilə biləcək.

Çinin bu hərəkatı dərin dəniz sənayesində modernləşməni sürətləndirməyi və dənizçilik sektorunda innovativ istehsal imkanlarının inkişafına təkan verməyi nəzərdə tutur. Dərin dəniz sınaq sahələrinin yaradılması həm dövlət qurumlarına, həm də özəl sektora qabaqcıl tədqiqat və təkmilləşdirmə üçün zəruri infrastrukturu təmin edir. Bütün bu inkişaflar Çinin qlobal dənizçilik gücü olma yolundaki iddiasını daha da möhkəmləndirir və ölkənin okeanlarda oynayacağı rolu yenidən formalaşdırır.

Samir

0