Sandu: Rusiya Moldovada seçkilərə təsir etmək üçün Dnestryanı böhran planlaşdırır

DÜNYA
17:47 / 13.06.2025
68

Moldova prezidenti Maya Sandu hesab edir ki, Rusiya bu ilin payızında keçiriləcək parlament seçkilərinə qədər Moldovada vəziyyətin sabitliyini pozmaq və Dnestr çayının sol sahilində səsvermənin gedişinə təsir göstərmək üçün Dnestryanıda daha böyük böhran yarada bilər.

HİT.az xəbər verir ki, bu barədə NewsMaker.md prezidentin PRO TV-də çıxışına istinadən məlumat yayıb.

"Bütün bu illər ərzində Rusiya Dnestryanı sakinlərdən istifadə edir və bu, onun Moldovada planlarına uyğun olarsa, hər an daha böyük böhrana səbəb ola bilər. Biz bu böhranın yaxın aylarda, seçkilərə qədər dərinləşəcəyini gözləyə bilərik", deyə Sandu qeyd edib.

O, həmçinin fikrini bildirib ki, Rusiya nəinki Dnestr çayının sol sahilində seçicilərə rüşvət verməyə, həm də regionda qəsdən qeyri-sabitliyə təhrik edərək əhalini şantaj etməyə cəhd edə bilər. Prezident əlavə edib ki, Moskva sağ sahildə səsvermə müqabilində yardım vəd edə bilər.

Eyni zamanda, dövlət başçısı əmin etdi ki, məsul dövlət strukturları riskləri öyrənir və bu ilin payızında keçiriləcək seçkilərin azad və ədalətli keçirilməsi üçün əlindən gələni edəcək.

"Biz seçkilərin həqiqi olmasını təmin etmək üçün mümkün olan hər şeyi edəcəyik", deyə Sandu əmin edib.

O qeyd edib ki, Dnestryanıda vəziyyət qeyri-sabit olaraq qalır və Kişinyov sol sahilin əhalisini dəstəkləməyə hazırdır, lakin ilk növbədə Moldova hakimiyyəti əsas problemi – Rusiya qoşunlarının çıxarılmasını həll etməlidir.

"Bu, bizim sülh yolu ilə həll etməli olduğumuz əsas məqamdır, çünki əks halda maliyyə dəstəyimizi əsaslandıra bilməyəcəyik", deyə Sandu bildirib.

Samir

0