Keçən həftəsonu Las-Veqasda baş verən atışma nəticəsində iki video-bloger həlak olub. Uzunmüddətli onlayn düşmənçiliyin kulminasiyası olan hadisə canlı yayımda baş verib.
HİT.az bu barədə "Independent" nəşrinə istinadən xəbər verir.
Qurbanlar şəbəkədə Finny Da Legend ləqəbi ilə tanınan Rodni Finli və Bubbly təxəllüsü ilə çıxış edən həyat yoldaşı Tanişa Finli olub. Güllələmədə şübhəli isə 41 yaşlı Sin City Manny ləqəbli Manuel Ruizdir.
Təhqiqat məlumatlarına görə, ölümcül atışma Ruiz və Finli arasında 2023-cü ildə başlayan onlayn düşmənçiliyin nəticəsidir. Mənbələr bildirir ki, blogerlər canlı yayımlarında daim kəskin mübahisə edib və təhqirə yol veriblər.
Finlinin dostlarından biri bildirib ki, münaqişə Ruizin guya Tanişa Finliyə qarşı bibər qaz spreyi tətbiq etməsindən sonra kəskinləşib. Fiziki cavab vermək əvəzinə, Finli təxribatçını internetdə trollamaq qərarına gəlib. Sosial şəbəkə yazıları həmçinin göstərir ki, Ruiz guya Finlinin kontentini silmək və onun videolarından pul qazanmaq imkanını məhdudlaşdırmaq üçün "YouTube" şikayət sistemindən istifadə edib.
Faciyə Rodni Finli "Bellagio" oteli yaxınlığında canlı yayım edərkən baş verib. Həmçinin yayımı izləyən şahidin sözlərinə görə, Manuel Ruiz kəmərinin altından tapança çıxarıb Finlinin olduğu tərəfə yönəldib. Videoda işıq çaxmaları görünür və beş-altı atış səsi eşidilir. Sonra Finlinin arvadı yayım üçün istifadə olunan telefonlu stabilizatoru qapdıqdan sonra daha iki atış səsi eşidilib və telefon yerə düşüb.
Ruiz həbs edilib və iki qətldə ittiham olunur. Hal-hazırda o, Klark dairəsinin həbsxanasında saxlanılır. Çərşənbə səhər keçirilən ilk məhkəmə iclasında Ruizə zəmanət verilməsi rədd edilib. O, özünümüdafiə məqsədilə hərəkət etdiyini bildirib. Ruiz bu hərəkəti Finlinin silah çıxarmaq cəhdi kimi şərh edib və özünü qoruyaraq atəş açıb. O, həmçinin Finlinin arvadına atəş açmasını etiraf edib, onun əlində "parıldayan qara bir əşya" gördüyünü və bunu silah zənn etdiyini bildirib.
Təhqiqatçılar müəyyən ediblər ki, Ruiz hadisədən sonra video yazılarını internetdən silib, lakin onun materiallarının bir hissəsi Finlinin yayımları sayəsində qorunub. Məlumdur ki, Finli və qonaqları bəzən Ruizin yayımlarını izləyib, onun kontentinə istehza ediblər.
Samir